İranda kütləvi etirazlar başlayan kimi Reza Pəhləvi yenidən siyasi səhnəyə çıxaraq hakimiyyətə qayıtmağa hazır olduğunu bildirir. 1946-cı ildə Azərbaycan Milli Hökumətinin süqutundan sonra Güney Azərbaycanda minlərlə azərbaycanlı qətlə yetirilmiş, ana dilində təhsil və mədəniyyət məhv edilib. Pəhləvi rejiminin davamçıları bu günü hələ də “Azərbaycanın qurtuluş günü” kimi təqdim edərək panfarsist mövqelərini gizlətmirlər. ABŞ da daxil olmaqla xarici güclər Reza Pəhləvinin İranda zəif sosial bazaya malik olduğunu və xüsusilə türklər arasında təsirinin məhdud olduğunu yaxşı bilir.

Bu fikirləri Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirib. Onun sözlərinə görə, hazırkı etirazların monarxiyanın bərpasına yönəlməsi inandırıcı görünmür. İranla bağlı ssenarilər arasında monarxiyanın bərpası, yeni lider ətrafında birləşmə, federalizm və ya ölkənin parçalanması variantları müzakirə olunur. Xüsusilə ölkənin parçalanması və Kürdüstanın yaradılması türk dünyası üçün ciddi təhlükə yaradır:

"Tarixən Güney Azərbaycan bir neçə böyük milli hərəkat yaşasa da, azərbaycanlıların idarəçilikdə mövqeyi bərpa olunmayıb. 1979-cu il inqilabından sonra isə fars-klerikal sistem hakimiyyəti tam ələ keçirib. Son onilliklərdə etirazlar davam etsə də, teokratik rejim sərt güc və institutlaşma ilə ayaqda qalmağı bacarıb. Mövcud böhrandan çıxış yolu İranın ərazi bütövlüyü qorunmaqla türk mərkəzli transformasiyanın həyata keçirilməsi və İran türklərinin milli hüquqlarının tanınmasıdır".