Milli Məclisdə müzakirəyə çıxarılan “Kraudfandinq haqqında” qanun layihəsi vətəndaş cəmiyyəti institutları və sosial təşəbbüslər üçün yeni maliyyə imkanlarının formalaşmasına şərait yarada bilər.

Bu fikirləri QHT.az-a açıqlamasında Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanda belə bir qanunun qəbuluna ehtiyac uzun müddətdir mövcuddur. R.Zeyni bildirib ki, kraudfandinq mexanizmi vasitəsilə əhalidən toplanan vəsaitlər hesabına müxtəlif sosial, ictimai və startap layihələrinin həyata keçirilməsi mümkün ola bilər.

“Əhalinin maddi vəziyyətində müəyyən çətinliklər olsa da, ictimai əhəmiyyət daşıyan layihələrin reallaşdırılması üçün kraudfandinq effektiv vasitəyə çevrilə bilər. Qanun qəbul olunarsa və onun icrası yüksək səviyyədə təmin edilərsə, alternativ maliyyə mənbələrinin yaranmasına şərait yaradacaq”, – deyə o qeyd edib.

Rauf Zeyni vurğulayıb ki, yeni mexanizm vətəndaş cəmiyyəti institutlarının, eləcə də qeyri-hökumət təşkilatlarının fəaliyyət imkanlarını genişləndirə bilər. Onun fikrincə, QHT-lər bu alətdən istifadə etməklə müxtəlif layihələr həyata keçirə və cəmiyyətin inkişafına daha çox töhfə verə bilərlər.

Sədr hesab edir ki, kraudfandinqin hüquqi çərçivəyə salınması Azərbaycan cəmiyyətinə, xüsusilə vətəndaş cəmiyyətinin inkişafına müsbət təsir göstərəcək.

Zəhra Ağayeva