“Təşkilatımızın missiyası kənd qadınlarının həyatını liderlik və sahibkarlıq vasitəsi ilə dəyişməkdir, vizionumuz isə ondan ibarətdir ki, kənd qadınları özü öz inkişafına töhfə verməli və eyni zamanda öz ailəsinin, icmasının və dövlətinin çiçəklənməsi üçün çalışmalıdır”.
Bu sözləri Azərbaycan Kənd Qadınları Assosasiyası Ictimai Birliyinin sədri Gülbəniz Qənbərova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə kənd qadınlarının iqtisadi güclənmə vasitəsi ilə sosiallaşması və cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi əsas hədəfləridir: “Fermer və sahibkar qadınlarımız yaşadığı kəndin sosial həyatına və iştiraklı qərarverməyə daha çox cəlb olunduqca onların sosial məsələlərin həll olunmasına verdiyi töhfəsi də artmış olur”.
Qeyd edək ki, Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyi - AKQA İB 2019-cu ilin noyabr ayında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənddə yaşayan fermer və sahibkar qadınların regionların inkişafına olan töhfəsini artırmaq və onu dayanıqlı etmək üçün yaradılıb.
Pərvanə Fərhadqızı












