“Azərbaycan zamanında ağır günlər yaşayıb, indi işğaldan azad olunmuş torpaqlarımızda çox işlərin görülməsi nəzərdə tutulur. Evlərinə qaydan köçkünlərin sosial rifahının yüksək olması nəzərdə tutulur. Yaxşı şəraitdə evlərinin tikilməsi, təhsilinin olması, səhiyyənin olması, gözəl yol infrastrukturunun olması zaman aparacaq. Artıq bu işlər gedir və ilk növbədə məşğulluğunun təminatı nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa- quruculuq işləri, müasir tələblərə cavab verən infrastruktur onların həm məşğulluğunu, həm sağlamlığını, həm təhsilini, iqtisadiyyatının yüksəlməsini təmin edəcək”.
Bu sözləri Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az- a bildirib. QHT sədri qeyd edib ki, biz insanları bu yönümdə maarifləndirməyə çalışırıq: “İşğaldan azad olunmuş ərazilərə QHT nümayəndələrin səfərləri mütəmadi təşkil olunur. Füzuli, Ağdam, Şuşaya gedəndə orada işlərin sürətlə getdiyini gördük, işğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri çərçivəsində layihələr həyata keçirilir. Bu torpaqların inkişafı hazırda qarşımızda duran əsas vəzifələrdəndir. Hökumət qurumları ilə birgə QHT-lər də işğaldan azad edilmiş ərazilərdə işlər aparır. Bizim də QHT olaraq müəyyən araşdırmalarımız olur və gələcəkdə dəstək olmağa çalışırıq. Bu bizim proqramlarımızdan biridir”.
Pərvanə Fərhadqızı












