Niderland Krallığı parlamentinin Nümayəndələr Palatasının (Tweede Kamer) Haaqada yerləşən “Nieuws poort” media mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
QHT.az xəbər verir ki, Konfransda iştirak edən 1988-ci ildə İrəvandan zorla qovulmuş, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə Qərbi Azərbaycandan didərgin salınmış soydaşları adından danışaraq, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların indiki Ermənistanda olan tarixi, dini və mədəniyyət abidələrinin dağıdılmasından, toponimlərimizin erməniləşdirilmsindən söz açıb.
Bildirilib ki, ermənilər İrəvanda azərbaycanlı izini silməyə çalışsalar da, buna nail ola bilməzlər, çünki tarixi sənədlər saxlanılır. O, ailəsinə məxsus mülkün sənədlərini hələ də saxladığını, İrəvanda aparılan qazıntılar zamanı azərbaycanlılara məxsus abidələrin aşkarlandığını xatırladıb.










