İnstitutun hüquq tədqiqatçıları – Aygün Ariflinin “Ulu Öndər müasir məhkəmə-hüquq sisteminin banisi kimi” və İlham Malik oğlu Əliyevin “Xocalıda törədilmiş soyqırım cinayəti - erməni mənəviyyata zidd siyasətinin tarixi kulminasiya nöqtəsi kimi” məqalələri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən keçirilən və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfransın materiallar toplusunda dərc olunub.
QHT.az xəbər verir ki, hüquq tədqiqatçısı A.Arifli məqaləsində Ümummilli Lider Heydər Əliyev tərəfindən aparılan köklü hüquqi islahatların demokratik dövlətçiliyimizin bərqərar olmasında, həmçinin Azərbaycan Respublikasının müasir məhkəmə-hüquq sisteminin qurulmasında əvəzsiz rolundan bəhs edib. Məqalədə, həmçinin, Ulu Öndərin ölkəmizdə müasir məhkəmə-hüquq sisteminin qurulmasına verdiyi töhfələr qeyd olunub.
Digər hüquq tədqiqatçımız İ.Əliyev məqaləsində vurğulayır ki, beynəlxalq hüquqa əsasən, Ermənistan və Azərbaycan arasında münaqişə zamanı törədilmiş cinayətlər həm dövlət məsuliyyəti, həm də fərdi cinayət məsuliyyəti yaradır. Xocalı soyqırımı Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi dünyanın ən dəhşətli soyqırımı cinayətlərindən biridir. Məqalədə Xocalı hadisələrinin beynəlxalq hüquqa əsasən, soyqırımı cinayəti kimi tanınması üçün hüquqi əsas ola biləcək sənədlərin siyahısı verilir və göstərilir ki, Azərbaycanda beynəlxalq cinayətlərə görə məsuliyyət ilk dəfə 1999-cu il tarixli Cinayət Məcəlləsi ilə müəyyən edilib.










