Əməkhaqqından tutulmaların artırılması ilə bağlı müzakirələr davam edir. “Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin sədri İlqar Hüseynli hesab edir ki, yüksək gəlir əldə edən şəxslərin əməkhaqqından tutulmaların müəyyən həddə artırılması onların ümumi gəlirlərinə ciddi təsir göstərməyəcək.
“Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında əməkhaqqından tutulmaların artırılmasının vətəndaşların gəlirlərinə mümkün təsirini dəyərləndirib.
İlqar Hüseynlinin sözlərinə görə, 2 500 manatdan yuxarı əməkhaqqı alan şəxslər yüksək gəlirli vətəndaşlar kateqoriyasına aid edilə bilər. O bildirib ki, bu gəlirlərdən 3 faiz tutulması həmin şəxslərin ümumi gəlirlərinə ciddi təsir göstərmir.
“2 500 manat əməkhaqqının 3 faizi 75 manat edir. Bu məbləğin yüksək gəlir əldə edən şəxslərin ümumi gəlirlərinə ciddi təsir göstərdiyini düşünmürəm. Əgər tutulma 5 faizə qaldırılarsa, bu zaman aylıq fərq təxminən 50 manat təşkil edəcək”, – deyə QHT sədri qeyd edib.
Onun fikrincə, tutulmaların daha yüksək faizlərə çatdırılması halında isə vətəndaşların gəlirlərində daha nəzərəçarpacaq azalma yarana bilər.
“Əgər tutulma 5 faizdən 14 faizə qaldırılarsa, təbii ki, bu, gəlirlərin daha ciddi azalmasına səbəb ola bilər. Lakin məsələyə ümumi kontekstdə, Azərbaycan reallığında və orta əməkhaqqı alan vətəndaşların gəlirləri baxımından yanaşdıqda, faiz artımının müəyyən həddə qədər ciddi problem yaradacağını düşünmürəm”, – deyə İlqar Hüseynli bildirib.












