Hollandiyada Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə kömək məqsədilə təşkil edilən milli aksiyada televiziya kanallarının 2 saatlıq birgə yayımı zamanı təxminən 88 milyon 921 min 469 avro toplanıb.
QHT.az xəbər verir ki, Qırmızı Xaç, UNICEF Hollandiya, Oxfam Novib və kilsələr də daxil olmaqla bir çox xeyriyyə təşkilatının təşəbbüsü ilə təşkil edilən yardım tədbiri çərşənbə günü başlayıb.
Giro555 milli yardım xəttinə ianələr 28 milyon avro ilə başlayıb. Günün ikinci yarısında bu məbləğ 42 milyon avroya çatıb.
Bütün yerli və milli radio kanalları, qəzetlərin saytları gün ərzində kampaniyaya dəstək verib. Axşam saatlarında toplanan yardımın məbləği 55 milyon avroya çatıb.
Axşam saat 20:30-da bütün dövlət və özəl televiziya kanalları birgə yayıma başlayıb. Hollandiyada zəlzələ bölgəsindən və xilasetmə işlərindən görüntülərin yer aldığı canlı yayımda türk əsilli jurnalistlər və sənətçilər də iştirak edib.
Milli yardım fəaliyyəti davam edir. Yeni ianələrlə ümumi məbləğin 100 milyon avronu keçəcəyi gözlənilir. Yardım Türkiyədəki qeyri-hökumət təşkilatları ilə birlikdə zəlzələ qurbanlarının sığınacaq, qidalanma və təmiz su kimi ehtiyacları üçün xərclənəcək.












