Paytaxtın Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi qeydə alınıb. Aprelin 2-si səhər saatlarında Biləcəri qəsəbəsində yerləşən yaşayış evlərindən birində baş verən hadisə zamanı 1971-ci il təvəllüdlü kişi və onun 1978-ci il təvəllüdlü həyat yoldaşı bıçaq xəsarətləri alıblar. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin isə yaralıların 2008-ci il təvəllüdlü oğlu olduğu bildirilir. Bu hadisə cəmiyyətdə yeniyetmələrin davranışı, ailədaxili münasibətlər və sosial mühitin təsiri ilə bağlı ciddi sualların yaranmasına səbəb olub.

“Vəfa sosial problemlərin həllinə dəstək” ictimai birliyinin rəhbəri Fatimə Hacıbəyli QHT.az-a açıqlamasında son dövrlər ailədaxili zorakılıq hadisələrinin, xüsusilə yeniyetmələrin valideynlərə qarşı aqressiv davranışlarının cəmiyyətdə ciddi narahatlıq yaratdığını bildirib.

Fatimə Hacıbəyli bildirib ki, bu kimi hadisələr yalnız ayrı-ayrı ailələrin problemi kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, məsələ bütövlükdə sosial mühitin, tərbiyə modelinin və psixoloji yanaşmaların yenidən nəzərdən keçirilməsini tələb edən mühüm bir sosial siqnaldır.

F.Hacıbəylinin sözlərinə görə, yeniyetməlik dövrü emosional baxımdan ən həssas mərhələlərdən biridir. Bu yaşda uşaqların daxili gərginliyi, özünüifadə çətinlikləri və anlaşılmamaq hissi bəzən aqressiv davranışlarla nəticələnə bilər.

Müsahibimiz vurğulayıb ki, xüsusilə ailədaxili münasibətlərdə davamlı mübahisələr, sevgi və diqqət çatışmazlığı, psixoloji təzyiq və zorakılıq mühiti bu cür davranışların formalaşmasına ciddi təsir göstərir.

Fatimə Hacıbəyli qeyd edib ki, belə hadisələr çox zaman ani baş vermiş kimi görünsə də, əslində uzunmüddətli psixoloji gərginliyin nəticəsidir. O bildirib: “İllərlə yığılan narazılıq, emosional boşluq və düzgün idarə olunmayan hisslər bir anda nəzarətdən çıxaraq faciəvi nəticələrə səbəb ola bilər".

F.Hacıbəylinin sözlərinə görə, valideynlər uşaqlarının davranışlarında baş verən dəyişikliklərə qarşı daha həssas yanaşmalıdırlar. Aqressivlik, ünsiyyətdən uzaqlaşma, itaətsizlik, qəfil davranış dəyişiklikləri və zorakılığa meyl kimi hallar ciddi siqnal hesab olunmalı və vaxtında müdaxilə edilməlidir.

Müsahibimiz həmçinin vurğulayıb ki, bu kimi halların qarşısının alınması üçün ailə daxilində sağlam ünsiyyətin qurulması və uşaqlara psixoloji dəstəyin vaxtında göstərilməsi vacibdir.

Onun fikrincə, məktəb, cəmiyyət və müvafiq qurumlar da prosesdə aktiv rol oynamalı, yeniyetmələrin sağlam inkişafı üçün birgə fəaliyyət göstərməlidir.

Fatimə Hacıbəyli xüsusilə qeyd edib: “Hər bir aqressiyanın arxasında eşidilməyən bir səs, anlaşılmayan bir problem dayanır".

O əlavə edib ki, cəmiyyət olaraq əsas məqsəd problemin yalnız nəticəsi ilə deyil, məhz səbəbi ilə mübarizə aparmaq olmalıdır.

Fatimə Nəbiyeva