Mina təhlükəsiziliyi ilə bağlı tədbir keçirilir. Azərbaycan Milli QHT Forumu və ANAMA yanında İctimai Şura tərəfindən “Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə, qurbanların hüquqlarının müdafiəsi və beynəlxalq çağırışlar” mövzusunda keçirilən tədbirdə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov çıxış edib.
QHT.az bildirir ki, Hafiz Səfixanov mina probleminin artıq yalnız ayrı-ayrı ölkələrin daxili məsələsi olmadığını, beynəlxalq humanitar hüququn predmetinə çevrilmiş qlobal humanitar fəlakət kimi qiymətləndirilməli olduğunu deyib. Onun sözlərinə görə, bu səbəbdən beynəlxalq konvensiyalar çərçivəsində imkanlı dövlətlər mina təhlükəsindən əziyyət çəkən ölkələrə texniki, maliyyə və digər istiqamətlərdə dəstək göstərməlidirlər.
Hafiz Səfixanov qeyd edib ki, son illərdə dünyada müşahidə olunan silahlanma tendensiyası mina ilə mübarizə sahəsində donor dəstəyinə mənfi təsir göstərir. Sədr vurğulayıb ki, əvvəllər mina problemləri üzrə əsas donor ölkələr sırasında yer alan dövlətlər artıq öz təhlükəsizlik gündəmlərinə üstünlük verməyə başlayıblar. O, xüsusilə Finlandiya və Polşanın mövqeyinə toxunaraq bildirib ki, bu ölkələr yenidən mina istehsalı və sərhəd zonalarında minalardan istifadə imkanlarını müzakirə edirlər.
H.Səfixanovun sözlərinə görə, hazırkı beynəlxalq vəziyyət yaxın illərdə Azərbaycan üçün əlavə çətinliklər yarada bilər. Onun fikrincə, davam edən münaqişələr dayandıqdan sonra həmin ölkələr yenidən beynəlxalq konvensiyalara qoşulacaq və mina təmizlənməsi üçün donor vəsaiti tələb edəcəklər. Bu isə Azərbaycan kimi ölkələrin beynəlxalq maliyyə dəstəyi əldə etməsini çətinləşdirə bilər.
“Bu üç ilə beş ilə dayanan kimi həmin ölkələr yenidən o konvensiyaya qayıdacaqdır… donor vəsaiti istəyəndə biz yenə ofsayda qalacağıq".
Sədr bildirib ki, Azərbaycan son beş ildə mina təmizləmə işlərinin təxminən 95 faizini öz dövlət büdcəsi hesabına həyata keçirib. O əlavə edib ki, müəyyən dövrlərdə ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı tərəfindən maliyyə yardımı göstərilsə də, hazırda qlobal geosiyasi vəziyyət həmin dəstəyin davamlılığına təsir edir.
Hafiz Səfixanov maarifləndirmə məsələsinin mina təmizləmə qədər vacib olduğunu da xüsusi vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq hüquqi sənədlərdə maarifləndirmə tədbirlərinin mina təmizləmə prosesi ilə paralel aparılması tələb olunur və Azərbaycanda bu istiqamətdə işlər 1996-cı ildən həyata keçirilir.
H.Səfixanov qeyd edib ki, klassik maarifləndirmə üsulları — bukletlər, bilbordlar və ənənəvi məlumatlandırma vasitələri — faydalı olsa da, artıq yeni və innovativ yanaşmalara ehtiyac var.
“Klassik metodla yanaşı innovasiya lazımdır, innovasiya lazımdır".
Sədr eyni zamanda vətəndaşların təhlükəli ərazilərə daxil olmasının ciddi problem olaraq qaldığını bildirib. Onun sözlərinə görə, hökumət tərəfindən təhlükəli zonalara girişin məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul olunsa da, bəzi vətəndaşlar qadağalara əməl etmir və bu da mina partlayışları nəticəsində zərərçəkənlərin sayının artmasına səbəb olur.
Fatimə Nəbiyeva






