Royal Observatory Greenwich süni intellekt alətlərinin geniş yayılması ilə bağlı diqqətçəkən xəbərdarlıq edib. Qurum bildirir ki, ani cavablar təqdim edən texnologiyalar insanların düşünmə və sual vermə bacarıqlarını zəiflədə bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, müəssisənin yerləşdiyi muzey qrupunun direktoru Paddy Rodgers qeyd edib ki, hazır cavablara həddindən artıq etibar insan zəkasının və innovasiya qabiliyyətlərinin geriləməsinə səbəb ola bilər. Onun sözlərinə görə, bilik əldə etməyin əsasını təşkil edən araşdırma, analiz və qiymətləndirmə vərdişləri risk altındadır.

Mütəxəssislər vurğulayırlar ki, tarix boyu böyük elmi kəşflər çox vaxt “lazımsız” kimi görünən əlavə araşdırmalar nəticəsində ortaya çıxıb. Bu cür təsadüfi və gözlənilməz tapıntılar süni intellektin süzgəcindən keçən hazır nəticələrdə əks olunmaya bilər.

Digər tərəfdən, süni intellektin elmdəki rolu da danılmazdır. Məsələn, AlphaFold2 kimi sistemlər mürəkkəb problemlərin həllində mühüm irəliləyişlərə səbəb olub. Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, düşüncə prosesinin tam şəkildə texnologiyaya həvalə edilməsi risklidir.

Araşdırmalara görə, süni intellekt xülasələrinin axtarış sistemləri və sosial mediada ön plana çıxması istifadəçiləri orijinal və yoxlanıla bilən mənbələrdən uzaqlaşdıra bilər. Bu isə məlumatın keyfiyyətinə və etibarlılığına mənfi təsir göstərə bilər.

Mütəxəssislər nəticə olaraq bildirirlər ki, süni intellektdən düzgün istifadə edilməli, o, insan düşüncəsini əvəz edən deyil, onu dəstəkləyən vasitə kimi qiymətləndirilməlidir.

Piranə Xasiyeva