ABŞ Nümayəndələr Palatasında iki Demokrat Partiya üzvü ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanma prosesində gecikmələr və idarəetmə problemləri ilə bağlı Tramp administrasiyasından izahat tələb edib. Onlar bu prosesi “səmərəsiz və düzgün idarə olunmayan” adlandıraraq ciddi narahatlıq ifadə ediblər.

QHT.az xarici mediaya istinadən bildirir ki, Nyu-Yorkdan olan konqresmen Gregory Meeks və Kaliforniyadan olan Robert Garcia 19 may tarixində göndərdikləri məktubda ABŞ İdarəetmə və Büdcə Ofisinin (OMB) rəsmisi Eric Ueland-dən USAID-in bağlanması ilə bağlı bir sıra suallara cavab tələb ediblər. Məktubda qeyd olunur ki, Ueland Konqresin Xarici İşlər Komitəsi və Senatın Xarici Əlaqələr Komitəsində keçirilən brifinqlərdə agentliyin ləğvi ilə bağlı əsas suallara aydın cavab verə bilməyib.

Demokratların fikrincə, Tramp administrasiyası USAID-i ləğv etməyi “idarəetmədə səmərəliliyi artırmaq” kimi əsaslandırsa da, real prosesdə ciddi gecikmələr və koordinasiya problemləri müşahidə olunur. Onlar bildirirlər ki, ABŞ vergi ödəyiciləri bu cür qeyri-müəyyən və zəif idarə olunan prosesin xərclərini daşımalı deyil.

Demokratlar bu məsələdə daha çox şəffaflıq və hesabatlılıq tələb edirlər.