Meşə yanğınlarının səbəb olduğu havanın çirklənməsi ekzema və dermatitin artmasına səbəb olur. Bu barədə Harvard Tibb Məktəbindən (ABŞ) doktor Arianna Şadi Kouroş məlumat verib.

QHT.az xəbər verir ki, o, bu tendensiyanı keçən yay Massaçusets ştatının Boston şəhərində müşahidə etdiyini, burada qonşu Kanadada kütləvi meşə yanğınları zamanı ekzema xəstələrinin sayının artdığını söylədi. Belə ki, 2022-ci ilin avqustunda irimiqyaslı yanğınların olmadığı və Bostonda havada dəm qazının səviyyəsinin sabit olduğu dövrdə dermatoloji problemləri olan xəstələrin axını az idi. Bununla belə, 2023-cü ilin avqust ayında yanğınlar səbəbindən dəm qazının səviyyəsi 3 dəfə artdıqda, dermatologiya şöbəsində xəstələrin sayı 8 dəfə artdı.

Meşə yanğınlarında digər mənfi amil yanğınsöndürənlərin tərkibində ammonium fosfat olan söndürmə vasitələrindən istifadə etməsidir. Bu maddələr tüstü ilə birlikdə havaya yayılır və dermatitin yaranmasına kömək edir. Həkim qeyd edir ki, dəm qazının özü qıcıqlandırıcı kimi dəriyə mənfi təsir göstərə bilər. Amma daha pisi odur ki, o, həm də digər qıcıqlandırıcılar, xüsusən də kiçik toz hissəcikləri üçün katalizator rolunu oynayır.

 

Pərvanə Fərhadqızı