Azərbaycanda insan alverinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat nəticə verib. Daxili İşlər Nazirliyinin keçirdiyi tədbirlərlə iki nəfər – 28 yaşlı E.Q. və 27 yaşlı X.H. insan alverində təqsirləndirilərək həbs olunub. İstintaq materiallarına görə, E.Q. qadınları işə düzəltmək vədi ilə aldadaraq Türkiyəyə aparıb, onların sənədlərini əlindən alıb və məcburetmə yolu ilə cinsi istismara məruz qoyub. Bu fakt insan alverinin hələ də ciddi və təhlükəli cinayət olaraq qaldığını bir daha göstərir.
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova QHT.az-a özəl açıqlamasında bildirib ki, dünyada qlobal problem olan insan alveri hər bir cəmiyyəti narahat etdiyi kimi, bizim ölkədə də narahatlıqla qarşılanır. Hər il dünyada minlərlə insan insan alverinin qurbanına çevrilir. Qadınlar, uşaqlar, kişilər – heç bir yaş və cins bu təhlükədən sığortalanmayıb. İnsan alveri insan ləyaqətinin və azadlığının ən amansız şəkildə taptalanmasıdır. Bu gün ölkəmizdə insan alverinin qarşısının alınması, cinayət hərəkətlərinə yol verən şəxslərin cəzalandırılması və zərərçəkmiş şəxslərin sosial-psixoloji reabilitasiyası, profilaktika baxımından mühüm əhəmiyyət kəsb edən maarifləndirmə işləri, qanunsuz miqrasiyanın və uşaq nikahlarının qarşısının alınması, baxımsız qalan və təhsildən yayınan uşaqların ailələrinə nəzarətin həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin monitorinqi, xarici dövlətlərə əmək fəaliyyəti, təhsil və ailə qurmaq məqsədilə gedən şəxslərin, eləcə də ölkəmizə gələn əcnəbilərin məlumatlandırılması istiqamətində mühüm işlər həyata keçirilir. Eyni zamanda insan alveri qurbanlarının müəyyən edilməsi üçün beynəlxalq təcrübəyə uyğun yeni mexanizmlər hazırlanır, xüsusilə uşaq qurbanların müəyyən edilməsi indikatorları təkmilləşdirilir.
Müsahibimiz vurğulayıb ki, QHT-lər insan alverinə qarşı mübarizədə mühüm rol oynayır. Bu sahədə həyata keçirilən tədbirlərdə QHT-lərin rolu xüsusilə böyükdür. Bu vaxta qədər aparılan maarifləndirmə və təbliğat işləri, potensial qurbanların məlumatlandırılması, sosial reabilitasiyası, onlara hüquqi və psixoloji yardımların göstərilməsi onların insan alverinin qurbanına çevrilməsinin qarşısının alınmasında mühüm rol oynayır.
Gülayə Səfərova qeyd edib ki, rəqəmsal platformalar üzərindən risklər artmaqdadır. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da rəqəmsal platformalar vasitəsilə insan alverinə, fahişəliyə cəlb etmə və digər qanunsuz fəaliyyətlərə rast gəlinir. Bunun üçün diqqətli olmaq lazımdır. Xüsusilə yeniyetmələrə nəzarət edilməlidir. Nəzərə alsaq ki, ölkə əhalisinin 90%-dən çoxu internet istifadəçisidir və onların 82%-i sosial şəbəkələrdən istifadə edir. İstifadəçilərin böyük hissəsi gənclərdir. Buna görə də vətəndaş cəmiyyətinin nümayəndələri sosial mediada sayıqlılığın artırılmasına və maarifləndirmə işlərinin gücləndirilməsinə çalışmalıdır.
Müsahibimiz əlavə edib ki, insan alverinə qarşı mübarizənin əsas yolu məlumatlılıq və birgə fəaliyyətdir. İnsan alveri və məcburi əməyə şərait yaradan əsas amillər təhsilsizlik, məlumatsızlıq, işsizlik və insanların asan yolla daha yaxşı həyat yaşamaq arzusudur. Belə insanları aldadaraq istismar etmək asandır. Bu kimi halların qarşısını almağın yolu məlumatlılığı artırmaq, insan alveri və digər cinayətlərə qarşı birgə mübarizə aparmaq və cəmiyyətdə bu hallara qarşı ictimai dözümsüzlük mühiti yaratmaqdır.
Piranə Xasiyeva






