Bu gün görkəmli teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan Dövlət Musiqili Teatrının keçmiş direktoru və bədii rəhbəri Hacıbaba Bağırovun doğum günüdü. Sənətkarın 91 yaşı tamam olur.

QHT.az xəbər verir ki, 1932-ci il iyun ayının 12-də Bakı şəhərində, fəhlə ailəsində anadan olan Azərbaycanın Xalq artisti Hacıbaba Bağırov yaratdığı bütün obrazlarla yaddaşlara həkk olunub. Onun teatr tariximizdə özünəməxsus yeri var. 

Üzeyir Hacıbəylinin “Arşın mal alan”ında Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, Zülfüqar Hacıbəyovun “50 yaşında cavan”ında Orduxan, Süleyman Ələsgərovun “Həmişəxanım”ında Cəbi Cüməzadə, “Hardasan, ay subaylıq”da Novruzəli, Əşrəf Abbasovun “Həyətim mənim-həyatım mənim”ində Qulam, Emin Sabitoğlunun “Hicran”ında Mitoş, “Nəğməli könül”də Fərzəli, Vasif Adıgözəlovun “Nənəmin şahlıq quşu”nda Cəsarət, Soltan Hacıbəyovun “Qızılgül”ündə Nadir, Ağası Məşədibəyovun “Toy kimindir?”ində Uzun, Emin Sabitoğlu, Tamara Vəliyevanın “Bankir adaxlı”, “Sizinlə gülə-gülə”, “Bildirçinin bəyliyi”, “92 dəqiqə gülüş” trilogiyasında Sonqulu, “Məhəbbət oyunu”nda Nuruş, “On min dollarlıq keyf”də Fərzəli kimi tamaşaçıların dərin rəğbətini qazanmış rolları milli mədəniyyətimizin inkişafına xidmət edir.

Hacıbaba Bağırov 6 oktyabr 2006-cı il tarixində 75-ci ilində vəfat etmişdir. II-ci fəxri xiyabanda dəfn olunub. Azərbaycan gülüş mədəniyyəti tarixində xüsusi yeri olan sənətkar adını Azərbaycan teatr sənətinə elə əbədi həkk edib ki, bu gün olduğun kimi, hələ neçə-neçə qərinələr, əsrlər xatırlanacaq və onun sənət yolu gənc sənətkarlar üçün bir məktəb olacaq.

ALLAH RƏHMƏT ELƏSİN!

 

 

Pərvanə Fərhadqızı