Google süni intellekt əməliyyatlarını birbaşa orbitdə həyata keçirmək məqsədilə Project Suncatcher adlı yeni layihəyə start verib. Şirkət günəş panelləri və TPU AI çipləri ilə təchiz edilmiş peyklər bürcü yaratmağı planlaşdırır.
QHT.az xəbər verir ki, layihənin əsas məqsədi — kosmosda süni intellekt hesablamalarını yerüstü mərkəzlərdən daha səmərəli həyata keçirməkdir. Günəş enerjisinin səkkiz dəfə səmərəli istifadəsi sayəsində enerji xərclərinin azalacağı gözlənilir. Google məlumat ötürülməsi üçün lazer rabitə kanallarından istifadə etməyi planlaşdırır ki, bu da saniyədə onlarla terabit sürət təmin edəcək. Lakin peyklərin bir-birinə çox yaxın yerləşməsi toqquşma riskini artırır.
Şirkət TPU çiplərinin radiasiyaya davamlılığını sınaqdan keçirir; ilkin nəticələr bu avadanlıqların orbitdə təxminən 5 il problemsiz işləyə biləcəyini göstərir. Google nümayəndəsi Travis Beals bildirib ki, gələcəkdə kosmos süni intellekt hesablamaları üçün ən əlverişli mühitə çevrilə bilər.
Qeyd edək ki, Elon Musk, Jeff Bezos və NVIDIA da oxşar orbital süni intellekt layihələri üzərində çalışır.
R.İmanov












