İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətində haqlı narazılıq doğurub.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin bu açıqlamaya verdiyi cavabı tam dəstəkləyirəm. İranlı nazirin Azərbaycan məktəblərində tətbiq olunan qaydalarla bağlı fikir bildirməsi və Azərbaycan qızlarını öz ölkəsində təhsil almağa dəvət etməsi, ilk növbədə, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilməlidir.
Azərbaycan müstəqil, suveren və hüquqi dövlətdir. Ölkəmizdə təhsil siyasətini Azərbaycan dövləti müəyyən edir və bu siyasətə kənardan istiqamət vermək cəhdləri qəbuledilməzdir.
Azərbaycan gənclərinin, xüsusilə qızlarımızın təhsili və gələcəyi ilə bağlı qərarları heç bir xarici dövlət rəsmisinin siyasi bəyanatları ilə müəyyən edilmir.
İran rəsmilərinin Azərbaycan gənclərinin təhsil hüququndan narahat olduqlarını bəyan etmələri isə xüsusilə diqqətçəkəndir.
Azərbaycan Elm və Təhsil Nazirliyinin də vurğuladığı kimi, İranda Azərbaycan dilində tədris aparılan məktəbin və ali təhsil müəssisələrində Azərbaycan dilində tədrisin olmaması ciddi suallar doğurur.
Əgər İran rəsmiləri həqiqətən təhsilin, elm və milli-mədəni hüquqların inkişafını düşünürlərsə, Azərbaycan Respublikasının daxili məsələlərinə müdaxilə etmək əvəzinə, öz ölkələrində yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil almaq imkanlarına diqqət yetirsinlər.
Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyi olaraq açıq şəkildə bəyan edirik: Azərbaycan gənclərinin taleyi, təhsili və gələcəyi Azərbaycan dövlətinin və xalqının öz işidir. Heç bir xarici dövlət rəsmisi Azərbaycanın daxili məsələləri üzərindən siyasi və ideoloji mesajlar vermək haqqına malik deyil.
Biz qonşu xalqlara hörmətlə yanaşırıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıyıq. Lakin qarşılıqlı hörmət varsa, qarşılıqlı olaraq dövlətlərin suverenliyinə və daxili işlərinə hörmət də olmalıdır.
Azərbaycan xalqı öz dövlətinə, öz təhsil sisteminə və öz gəncliyinə inanır.
Bizim gənclərimizin gələcəyi başqa ölkələrin siyasi çağırışları ilə deyil, Azərbaycanın milli maraqları, dövlətçilik prinsipləri və öz xalqının iradəsi ilə müəyyən olunacaq.
Nəsimi Qarabağlı
Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) prezidenti












