Gəncədə "Ailə və Əmək Mübahisələrində Barışıq Sazişlərinin Keyfiyyətli Məzmununun Formalaşmasında Məhkəmələrin Rolu" Mövzusunda Konfrans Keçirilib.
QHT.az xəbər verir ki, 15 avqust 2024-cü il tarixində Gəncə şəhərində Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası, Mediasiya Şurası və Gəncə 1 saylı Mediasiya Təşkilatının təşkilatçılığı və dəstəyi ilə "Ailə və Əmək Mübahisələrində Barışıq Sazişlərinin Keyfiyyətli Məzmununun Formalaşmasında Məhkəmələrin Rolu" mövzusunda konfrans keçirilib. Tədbir, mübahisələrin həllində barışıq sazişlərinin əhəmiyyətini və bu sazişlərin keyfiyyətinin artırılması yollarını müzakirə etməyi hədəfləyib.
Konfransda Məhkəmə-Hüquq Şurasının aparat rəhbərinin müavini Rəşad Həsənli, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, İntizam Komitəsinin sədri və Bakı 8 saylı Mediasiya Təşkilatının direktoru Mayıl Əhməd, Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli və hakimləri, Gəncə Kommersiya Məhkəməsinin sədri Rəşad Məmmədov və hakimləri, Gəncə Şəhər Məhkəməsinin sədri Xəqani Tağıyev və hakimləri, Gəncə İnzibati Məhkəməsinin sədri Zəfər Quliyev və hakimləri, Gəncə 1 saylı Mediasiya Təşkilatının direktoru Südabə Məmmədova, Gəncə 2 saylı Mediasiya Təşkilatının direktoru Anar Abdullayev, mediatorlar və digər işçi heyəti, həmçinin ətraf rayonların mediasiya təşkilatlarının direktorları iştirak ediblər.
Konfrans zamanı məhkəmələrin ailə və əmək mübahisələrində barışıq sazişlərinin keyfiyyətli tərtibində rolu və bu prosesin təkmilləşdirilməsi məsələləri geniş müzakirə edilib. Tədbir iştirakçıları konfransın səmərəli və faydalı keçdiyini bildiriblər.










