Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə maarifləndirici nəşrlərin hazırlanması” layihəsi çərçivəsində gənc jurnalistlər üçün “Əlilliyin düzgün dərk edilməsi” mövzusunda 3-cü təlim keçirilib.
Dekabrın 17-də Excelsior Hoteldə keçirilən sonuncu təlimdə layihə rəhbəri Cəsarət Hüseynzadə məlumat verib ki, layihənin məqsədi cəmiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə, sosial problemlərinin həllinə cəlb edilməsinə, onların fiziki, əqli və intellektual potensiallarının üzə çıxarılmasına nail olmaq üçün məlumat və maarifləndirici xarakterli nəşrlərin hazırlanaraq əhali arasında geniş yayılması işinin təşkil edilməsidir.
Onun dediyinə görə, layihə çərçivəsində əlilliyi olan şəxslərin hüquqlarının təşviq edilməsi və bununla bağlı informasiya mühitinin yaradılması məqsədilə 3 mövzuda buklet hazırlanıb və 4 maarifləndirici videorolikin hazırlanması nəzərdə tutulub, eyni zamanda, əlilliyi olan istedadlı şəxslərin potensiallarının üzə çıxarılması və təbliğ olunması üçün 3 məqalə - reportaj və 2 videorolik hazırlanıb.
Layihə dövründə jurnalistlər və jurnalistika fakültəsinin tələbələri üçün əlilliyin düzgün dərk edilməsi mövzusunda 3 təlim keçiriləcək. Media nümayəndələri üçün keçirən təlim isə adından göründüyü kimi əlilliyin düzgün dərk edilməsi ilə medianın əlilliyi olan şəxslərin sosial adaptasiyasında rolunun gücləndirilməsinə xidmət edir.
Təlimdə əlillik və mediada etik standartlar mövzularında çıxış edən ekspertlər- Müstəqil Həyat Tərzi Əlillərə Dəstək” İctimai Biliyinin sədri, Dünya Əngəllər Birliyinin İdarə Heyətinin üzvü, Əlillik məsələləri üzrə ekspert Aydın Xəlilov və BDU-nin dosenti Vəfa İsgəndərova jurnalistləri məlumatlandırıblar.
Təlimçi Aydın Xəlilov daha çox cəmiyyətdə əlilliyin dərki ilə bağlı problemin mövcud olduğunu bildirib. O qeyd edib ki, əlilliyi olan insanları çox halda normal olmayan şəxs kimi, yararlı olmayan şəxs kimi təqdim edirlər. Bu təəssüf doğuran yanlışların aradan qaldırılması üçün jurnalistlər daha həssas davranmalı, sosial mövzuları işıqlandırarkən məlumatlı olmalıdırlar.
BDU-nun dosenti Vəfa İsgəndərova isə Mediada etik standartlar (ənənəvi və sosial mediada əlilliyi olan insanlara münasibət fonunda) mövzusunda təqdimatla çıxış edib.
V.İsgəndərova mövzu ilə bağlı yerli və xarici mətbuat üzərindən apardığı monitorinqləri nəticələrini təlim iştirakçıları ilə bölüşüb. Təlim maraqlı müzakirələrlə davam edib. Tədbirin sonunda jurnalistlərə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, 07, 09 və 17 dekabrda keçirilən təlimlərdə ümumilikdə 35 müxtəlif media qurumlarında çalısan gənc jurnalistlər və jurnalistika fakültəsinin sonuncu kurs tələbələri iştirak edib.












