Azərbaycan Respublikasının Nazirlər Kabinetində ictimai iştirakçılığı təmin etmək məqsədi ilə Baş naziri, cənab Əli Əsədova 138 QHT-nin imzası ilə açıq müraciət qəbul edilib.

 

QHT.az xəbər verir ki, bu imza kompaniyası Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “VCT Ölçü Meyarı: Əlverişli mühit və VCT-nin gücləndirilməsi” layihəsi çərçivəsində Açıq Hökumət Milli Platforması ilə əməkdaşlıqda həyata keçirilib. 

 

Müraciətdə qeyd edilir:  

“Kifayət qədər normativ bazanın olmasına baxmayaraq (Konstitusiya, “İctimai iştirakçılıq haqqında” qanun, Nazirlər Kabinetinin müvafiq qərarları və s.) dövlət orqanları, həmçinin Nazirlər Kabineti praktikada hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirələr təşkil etmirlər.

 

“Xüsusən sosial müdafiə tədbirləri, vətəndaş cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar hüquqi aktların hazırlanması və qəbulu prosesində ictimai iştirakın təmin olunmaması haqlı narazılığa səbəb olur və nəticədə qəbul edilmiş sənədlərin səmərəliyi azalır.

Biz bu müraciəti imzalayan QHT rəhbərləri və nümayəndələri hüquqi aktların layihələrinin hazırlanması zamanı ictimai maraqların qorunmasında ictimai məsləhətləşmələrin vacibliyini və zəruriliyini vurğulayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetini qanunvericilikdə nəzərdə tutulmuş qaydada geniş ictimai müzakirə və dinləmələrin keçirilməsinə, ictimai iştirakçılığın təmin edilməsi üçün zəruri tədbirlər görməyə çağırırıq”.