Xərçəng artıq yaşlı insanların xəstəliyi deyil. Amerikalı həkimlər bildiriblər ki, gənclərdə xərçəngə daha çox diaqnoz qoyulur.

QHT.az xəbər verir ki, həkimlər bu vəziyyətin səbəbini deyə bilmirlər. Sağlam olmayan həyat tərzi vəziyyəti tam izah edə bilməz, vurğulayırlar. Şimali Amerika, Qərbi Avropa və Avstraliyada 50 yaşa qədər xərçəng xəstələrinin sayında kəskin artım qeydə alınıb. “Xəstələr getdikcə cavanlaşır. Çox güman ki, bu, bir növ ətraf mühitin dəyişməsi, yeməklərimizdə, dərmanlarımızda və ya hələ müəyyən etmədiyimiz bir şeylə bağlıdır”, - deyə doktor Andrea Çerçek bildirib. 

Sağlamlığa mənfi təsir göstərən amillər arasında o, az fiziki aktivliyi, yüksək emal olunmuş qidaların istehlakını, yeni toksinlərin, mikroplastiklərin meydana gəlməsini və piylənməni qeyd edib.

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova 30-40 yaşlı insanlarda xərçəng, ürək tutması və s. kimi ölüm xəbərlərinin çoxluğundan danışıb. Onun sözlərinə görə kimyəvi qatqılarla dolu məhsulları "Qida" deyə millətə sırıyırlar: “Bu günkü yeniyetmələr və gənclərin qidaları tam bir “bomba”dır. 20 yaşdan sonra hamısı təhlükəli xəstəliklərin qurbanı olacaqlar. Yalnız mənşəyi bəlli olmayan fast-food va qazli içki ilə qidalanırlar. Gələcəyimiz məhv olur”.

Qeyd edək ki, xərçəng bütün dünyada ürək-damar xəstəliklərindən sonra ikinci ölüm səbəbidir və getdikcə daha da çox yayılır. Cəmiyyətin əsas sağlamlıq problemlərindən olan xərçəngdən ölüm halları ürək-damar xəstəlikləri ilə müqayisədə ölüm hallarını üstələyib. Əsasən ətraf mühitin təsirindən yaranan xərçəng xəstəliyinin qarşısının alınması üçün erkən diaqnoz böyük əhəmiyyət kəsb edir.

 

Pərvanə Fərhadqızı