“Alternativ Enerji Araşdırmaları Mərkəzi” tərəfindən aparılan elmi tədqiqatların nəticələri, həmçinin alternativ və bərpaolunan enerji sferasındakı yeniliklərin ictimaiyyətə çatdırılması məqsədilə iyul ayından başlayaraq dövri tematik jurnalın nəşri nəzərdə tutulur. Bu ilin noyabr ayının son günlərində bərpaolunan enerji sahəsində nüfuzlu elm adamları, tədqiqatçılar, menecerlər, habelə dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək konfransa hazırlıqlar davam etməkdədir.

QHT.az xəbər verir ki, “Alternativ Enerji Araşdırmaları Mərkəzi” İctimai Birlik kimi 29 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq hüquqi şəxs statusu əldə edib. Təsisçiləri Şəfaqətov Rüstəm Şahvələd oğlu və Nurəliyeva Rəhimə Nurəli qızıdır. Mərkəzin fəaliyyət predmeti təbii ehtiyyatlardan səmərəli istifadə, ətraf mühitin qorunması, davamlı inkişaf sahəsində araşdırmaların aparılmasına kömək etməkdən ibarətdir.

Qeyd edək ki, Mərkəz enerji sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri, bu sahədə qabaqcıl ölkələrin nailiyyətlərini təbliğ etmək, müvafiq istiqamətdə elmi araşdırmalar aparmaq vəzifələrini həyata keçirir.

 

Pərvanə Fərhadqızı