“Liberal bazar iqtisadiyyatı şəraitində dövlətin iştirakı olmadan sosial ədalətin qorunmasından danışmaq illüziyadır, xülyadır. İqtisadçı alim kimi onu deyə bilərəm ki, ötən əsrin sonlarında elə bir xülya mövcud idi ki, liberal bazar özü –özünü tənzimləyəcək, sosial ədaləti qorumuş olacaq. Amma sosial ədalət dövlətin iştirakı olmadan qeyri mümkündür. Liberal bazar mexanizmləri sosial ədaləti qoruya bilməz. Dövlətin iştirakına böyük ehtiyac var” - bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi yanında İctimai Şuranın sədri Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib.
İqtisadçı alim təəssüflənərək digər bir problemə də toxunub. İctimai Şuralarda təmsil olunan yüksək peşəkarlığa malik olan mütəxəssislərin İctimai Şuralarda ictimai əsaslarla fəaliyyət göstərməsi, onların əsas iş yerlərindən ayrılması problemlərini sadalayıb: "İctimai Şuranın fəaliyyətində lazımı effekt əldə olunmur. Bu məsələ ilə bağlı hesab edirəm ki, qanunvericilikdə müvafiq dəyişikliyə ehtiyac var. İctimai Şurada təmsil olunan insanların, mütəxəssilərin ictimai fəaliyyəti ilə bağlı vaxt və imkanlar verilməlidir ki, bu insanlar bu ictimai yükü daşıya bilsin. Xüsusilə də mən bunu sosial müdafiə siyasəti ilə məşğul olan, bu siyasət çərçivəsində fəaliyyət göstərən İctimai Şuraya aid etmək istəyirəm. Bu Şuranın fəaliyyəti ən mühüm, kritik istiqamətlə bağlıdır".
Elşad Məmmədov həmçinin qeyd edib ki, insan həftənin 5 günü, 8 saat birbaşa özünün fəaliyyət göstərdiyi sahədə çalışırsa, ictimai əsaslarla ictimai iştirakçılığı təmin etməyi, sosial müdafiə kimi mühüm istiqamətdə fəaliyyət göstərmək çox çətindir: "Hesab edirəm ki, effektivliyin artırılması üçün İctimai Şura üzvlərinin vaxt baxımından imkanları təsbit olunmalıdır".
Pərvanə Fərhadqızı












