İşğaldan azad olunmuş Laçın rayonunda təşkil olunan “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi çərçivəsində iştirakçıların şəhid ailələri və Qarabağ fatehləri ilə görüşü təşkil olunub.

QHT.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayılın təqdimatında baş tutan görüşdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Vətən Müharibəsi şəhidi polkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva, Antitterror əməliyyatı zamanı şəhid olan kapitan Həmid Həmidlinin anası Könül Vəliyeva, Vətən Müharibəsi şəhidi baş leytenant Fuad Əlizadənin anası Şəfa Əliyeva, Xüsusi Təyinatlı Qüvvələrin Vətən müharibəsi qazisi olan hərbçiləri Famil Fərəcov, Cavid Həsənov və Orxan Ələkbərov iştirak ediblər.

Panel zamanı gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına sevgisindən, dövlətimizin müstəqilliyinin qorunmasında igid Vətən oğullarının qəhrəmanlıqlarından, keçdikləri uzun, keşməkeşli yollardan danışılıb. Qazilərin Vətən müharibəsi ilə bağlı xatirələrini gənclər çox böyük diqqət və maraqla dinləyiblər.

Görüşdə bildirilib ki, 44 gün davam edən Vətən müharibəsində ordumuzun qazandığı Zəfər tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Qəhrəman oğullarımızın igidliyi ölkəmizin gələcəyi olan gənclərimiz üçün nümunədir. Bu cür oğulların sayəsində illər sonra ərazi bütövlüyümüz bərpa olunub.