QHT.az-a özəl açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Uşaq Qaynar Xəttinin rəhbəri, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin direktoru Kəmalə Aşumova bu yaxınlarda keçirilən COP-29 konfransının Azərbaycanda iqlim siyasətinə və beynəlxalq əlaqələrə müsbət təsiri barədə fikirlərini bölüşdü. O, iqlim dəyişikliyinin uşaqların sağlamlığı və inkişafına təsirlərini azaltmaq üçün əlavə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğuladı.
QHT sədri bildirib ki, iqlim dəyişikliyinin uşaqların sağlamlığı və inkişafı üzərindəki mənfi təsirlərini azaltmaq üçün xüsusi diqqət yetirilməli olan sahələrdən biri, iqlim təhsilinin məktəb proqramlarına inteqrasiyasıdır. O, uşaqlara ekoloji biliklərin və dayanıqlı düşüncənin öyrədilməsinin əhəmiyyətini qeyd edərək, tədris proqramlarının ekologiya və davamlı inkişaf mövzularında genişləndirilməsinin zəruri olduğunu vurğuladı.
COP-29-un Bakıda keçirilməsinin əhəmiyyəti
Kəmalə Aşumova Bakıda keçirilən COP-29 konfransının Azərbaycanın beynəlxalq iqlim siyasətinə və qlobal ekoloji məqsədlərə sadiqliyini göstərdiyini, həmçinin Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə müsbət təsir edəcəyini qeyd etdi. O, COP-29-un region ölkələri arasında ekoloji tərəfdaşlığın gücləndirilməsi və birgə təşəbbüslər üçün yeni imkanlar yaratması baxımından mühüm rol oynadığını bildirdi. Konfrans, ölkələr arasında təcrübə mübadiləsi və iqlim problemlərinin həllinə dair yeni yanaşmaların müzakirə edilməsi imkanı təqdim edir.
Uşaqlar və iqlim dəyişikliyi
K.Aşumova iqlim dəyişikliyinin sosial cəhətdən həssas qruplara, xüsusilə uşaqlara, qadınlara və digər risk qruplarına təsirinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğuladı. O, bu məsələlərin müzakirəsinin COP-29-da daha da genişləndiriləcəyini gözlədiyini ifadə etdi.
Pərvanə Fərhadqızı
QHT.az










