“Təşkilatımız ölkəmizdə yaranan Ablimpiya Komitəsinin idarə heyyətinin üzvüdür. Bu il Fransada keçirilən doqquzuncu Ablimpiya çempiyonatına ilk dəfə qatılan Azərbaycanlı gənclər sırasında iki eşitmə məhdudiyyətli gənclərimizdə yarışlarda iştirak etdi. Bir fikri də əminliklə qeyd etmək istəyirəm ki, yaxın zamanda Azərbaycanda Deflimpiya komitəsinin yaranması xəbərini eşidəcəyik. Əlbəttə ki, bu bizim eşitmə məhdudiyyətli şəxslərmizin idmana inteqrasiya olunması üçün qarşımıza qoyduğumuz hədəflərdən biri idi. Dünyanın bir çox ölkələrində yaradılan Deflinpiya komitəsinin Azərbaycanda yaranması, eşitmə məhdudiyyətli şəxslər üçün çox önəmlidir”.
Bu fikirləri "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Abdulova QHT.az-a açıqlamasında bildirib. Təşkilatın hər zaman eşitmə məhdudiyyətli gənclərin istedad və bacarıqlarını üzə çıxarılması üçün müxtəlif layihələrdə iştirak etdiyini qeyd edən QHT sədri təşkilatda istedadlı gənclərin çox olduğunu da vurğuladı. Sədrin sözlərinə görə, onlar rəsm, əl işləri, muncuq, toxuma, dərzi, şirniyyatçı, gözəllik salonu işləri və s. işlərlə cəmiyyətə inteqrasiya edirlər: “Biz də təşkilat olaraq istedadlı gənclərimizə mütamadi olaraq satış sərgilər keçirməklə dəstək oluruq. Təşkilatımız eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiya olunması, inkişafı, digər şəxslərlə bərabər hüquqlu olması üçün müxtəlif işlər görür. Bu il eşitmə məhdudiyyətli şəxslərin mədəniyyət festivalına tərəfdaş olaraq qatıldıq. Festivalda gənclərimizin rəsm əsərləri sərgiləndi, şirniyyatçılarımız öz şirniyyatlarını qonaqlara təqdim etdi, səhnədə olan eşitmə məhdudiyyətli qızlarımız moda nümayişi, aktyorluq bacarıqları və məhşur müğənnilərin mahnılarını onlarla birgə Jest dilində ifa etdilər”.
Qeyd edək ki, "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən mədəniyyət şöbəsi il boyu eşitmə məhdudiyyətli gənclərlə birgə müxtəlif mədəni tədbirlərə dəvət alır. Tədbirlərdə mahnı və rəqslərini nümayiş etdirirlər ki, bu da eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə mədəniyyət sahəsində inteqrasiyasını təmin edir. Həmçinin idman sahəsində də naliyyət göstərən idmançılar var.
Pərvanə Fərhadqızı












