“Azərbaycan Himnin Jest dilində tərcüməsi bizim ən qürurverici layihəmizdir. Bu Himnin tədbirlərin açılışında səsləndirilməsini əlilliyi olan şəxslərə diqqətinin nümunəsi kimi dəyərləndiririk”.

Bu fikirləri QHT.az-a açıqlama verən "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Abdulova bildirib. Onun sözlərinə görə, təşkilat Jest dilində danışanlarla ünsiyyət qurmaq istəyən insanlar üçün “Səssiz dünyaya körpü” adlı kitab nəşr edib, bu kitabda 700 dən çox jest var: “Bu eşitmə məhdudiyyətli insanlarla Jest dilində danışmaq üçün çox gözəl vasitədir. Həmçinin Jest dilin təbliği və tanınması üçün təşkilatımıza Ali təhsil müəssisələrindən müraciətlər olur. Biz də təşkilatımızın eşitmə məhdudiyyətli gəncləri ilə bərabər müxtəlif ali təhsil ocaqlarında bu dilin təbliğini həyata keçiririk. Çox sevindirici haldır ki, tələbələr arasında Jest dilini öyrənənlərin sayı günü-gündən artır”.

Qeyd edək ki, "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin maraqlı layihələri olduqca çoxdur və onlardan biri də eşitmə məhdudiyyətli oğlanlarla olub. Əlilliyi olan şəxslər hərbi xidmətə çağrılmadığı üçün onların içərisində olan “hərbi xidmətdə əsgərlər nə edir?” sualını, təşkilat onlar üçün reallaşdırır. Bir gün hərbi hissədə qonaq olan eşitmə məhdudiyyətli gənclərimiz, əsgər geyimi geyinib, silah sursatla tanış olub, hərbi hissədə xidmət göstərən əsgərlərlə birgə gün ərzində xidmətdə oldular. Bir günü hərbidə keçirən gənclərmizlə birgə “Mən əsgər olsam” sosial çarxı da çəkilib və təşkilatın youtube səhifələrində paylaşılıb.

QHT sədri qeyd edib ki, təşkilatın “Nərgiz” adlı tam səssiz qısa metrajlı filmi də cəmiyyət tərəfindən çox bəyənilib: “Bu il əlillər günü ərəfəsində “Bəs o ...?” adlı sosial çarxla isə cəmiyyətin diqqətini eşitmə məhdudiyyətli şəxslərə yönəldərək, onların səsssiz həyatlarını əks etdirməyə çalışdıq. Rolik və filimlərdə çəkilən eşitmə məhdudiyyətli gənclərimiz bu işdə sanki peşəkardılar. Bu cür çəklişlər həm onlara həm də digər eşitmə məhdudiyyətli şəxslərin inkişafına bir stimuldur”.

 

Pərvanə Fərhadqızı