Təbii ehtiyatların tükənməsi və ətraf mühitin çirklənməsi təcili diqqət tələb edən aktual bir narahatlıqdır. Dünya əhalisi artmaqda davam etdikcə, enerjiyə tələbat artır və bu məhdud resursların potensial tükənməsinə səbəb olur. Təbii ehtiyatlar bütün canlıların yaşaması üçün vacibdir və ətraf mühit bizi qida istehsalı üçün təmiz hava, su və torpaqla təmin edir. Bununla belə, bu ehtiyatlar qeyri-davamlı insan fəaliyyəti, iqlim dəyişikliyi və əhalinin artımı da daxil olmaqla bir sıra amillər səbəbindən həyəcan verici sürətlə tükənir. Əhali artdıqca və texnoloji tərəqqi daha müasir həyat tərzinə imkan yaratdıqca, biz enerji ehtiyaclarımızı ödəmək üçün getdikcə daha çox təbii ehtiyatlardan asılı oluruq.
QHT.az ətraf mühitin çirklənməsi və təbii ehtiyatların tükənməsi kimi problemlər, hökumətin bu məsələdə apardığı siyasət haqqında Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeynidən açıqlama alıb. Onun sözlərinə görə, bu gün dünyada qlobal ekoloji problemlər mövcuddur: “Qeyd etdiyiniz kimi təbii ehtiyatların tükənməsi, ekoloji çirklənmənin artması, dünyada böyük iqlim dəyişikliyi, ekoloji problemlər hər zaman Beynəlxalq Təşkilatların hesabatlarında, dövlətlərin ev sahibliyi elədiyi beynəlxalq konfranslarda müzakirə mövzusudur. Heç kim bu prosesləri gizlətmir. İçməli su ehtiyatlarının tükənməsindən tutmuş ekoloji proseslərin mənfi istiqamətlərə getməsi, ekoloji çirklənməyə qədər hər birinin təbiətə vurduğu ziyanlar hesablanır, müzakirə olunur, qeyd olunur və çıxış yolları axtarılır”.
QHT sədri həmçinin qeyd edib ki, bu məsələlərdə ən azı ölkəmizin gələcəyinin sağlam əsaslarda qurulması üçün ən mütərəqqi proqramlar qəbul olunur: "Bütün mənalarda yaşıl enerjinin tətbiq olunması, nə qədər mümkündürsə ekoloji tarazlığın qorunması və gələcək üçün maksimum tədbirlərin görülməsi ölkəmizin iqtisadi, sosial, ekoloji və digər təhlükəsizliyinin təmin olunması baxımından dövlət səviyyəsində də əlaqədar tədbirlər görülür. Bunlarla bərabər biz QHT olaraq bu prosesləri aktiv müşahidə edirik, çalışırıq ki, ölkəmizin, dövlətimizin, təbiətimizin gələcək inkişafına öz töhfələrimizi verək”.
Qeyd edək ki, hazırda beynəlxalq aləmdə ətraf mühit komponentlərinin mühafizəsi, mövcud ekoloji problemlərin həllində mütərəqqi metodların tətbiqi həyata keçirilir. Ümumilikdə, bu sahədə aparılan işlər, tətbiq olunan mexanizmlər nəticəsində hazırda qablaşdırma tullantıları tullantı kimi deyil, təkrar emal materialı kimi yeni əhəmiyyət qazanmışdır.
Pərvanə Fərhadqızı












