"Səhiyyə Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Qlobal Fondun maliyyə vəsaiti hesabına elan edilən birgə böyük qrant müsabiqəsi cəmiyyət üçün çox faydalı ola bilər".
Bu fikirləri Regional Gender Mərkəzi İctimai Birliyinin sədri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Miqrasiya Əməkdaşlıq Platformasının İdarə Heyətinin üzvü Şərqiyyə Dadaşova QHT.az-a açıqlamasında bildirib.
Ş.Dadaşovanın sözlərinə görə, bu təşəbbüs maliyyə imkanlarının genişlənməsi, ixtisaslaşmış yanaşma, birgə infosessiyalar vasitəsilə metodiki vəsaitlərin əldə olunması, həmçinin dövlətlə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişlənməsinə kömək edəcək.
Şərqiyyə Dadaşova bildirib ki, maliyyə imkanlarının genişlənməsi QHT-lərə daha miqyaslı və təsirli layihələr həyata keçirmək imkanı verəcək.
Sədr vurğulayıb ki, təcrübədən istifadəyə üstünlük verilməsi və yalnız səhiyyə, sağlamlıq və zərərli asılılıqlara qarşı mübarizə profili olan təşkilatların cəlb edilməsi sahəvi peşəkarlığın artırılmasına şərait yaradacaq:
"Təcrübədən istifadəyə üstünlük verilməsi və yalnız səhiyyə, sağlamlıq və zərərli asılılıqlara qarşı mübarizə profili olan təşkilatların cəlb edilməsi sahəvi peşəkarlığın artırılmasına şərait yaradacaq. Bununla yanaşı, peşəkar mütəxəssislərin potensialının və sayının artmasına töhfə verəcək".
Şərqiyyə Dadaşova qeyd edib ki, birgə infosessiyalar QHT nümayəndələrinə layihələrin hazırlanması və müsabiqə tələbləri ilə bağlı birbaşa metodiki dəstək almaq imkanı yaradacaq.
Ş.Dadaşovanın sözlərinə görə, bu təşəbbüs İİV/QİÇS, vərəm və malyariya kimi qlobal və yerli sağlamlıq problemləri ilə mübarizədə səylərin birləşdirilməsinə də imkan verəcək.
Sədr bildirib ki, dövlət qurumu ilə QHT Agentliyinin birgə mexanizmi idarəetmədə şəffaflığın və vahid dövlət siyasətinə uyğunluğun gücləndirilməsinə xidmət edə bilər.
Sonda Şərqiyyə Dadaşova layihə təqdim edəcək həmkarlarına uğurlar arzulayıb.












