1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Azərbaycan xalqı 1991-ci ildən sonra üçüncü dəfədir ki, bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Azərbaycan xalqının ən böyük arzusu işğal altında olan torpaqlarının azad edilməsi, ərazi bütövlünün bərpası idi. Xalqın bu arzusunu prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən Müharibəsində Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı qələbə nəticəsində işğala son qoyuldu, dövlətin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir!
Pərvanə Fərhadqızı










