Missiya.Az-ın müsahibi Jurnalist Ekspert Mərkəzinin sədri, yeni yaradılan “Rupor.az” saytının baş redaktoru, “Tərəqqi” mükafatçısı Ceyhun Musaoğludur.

Ceyhun bəylə “Rupor”un fəaliyyəti barədə söhbət etdik. Sayt yarandığı ilk günlərdə adından söz etdirə bilib.

-Artıq Rupor.az saytı bir neçə gündür fəaliyyətə başlayıb. Bu müddət ərzində saytınızın oxucu kütləsinin artımını hiss edirsinizmi?

- Biz öncə oxucu hörmətinin artdığını hiss edirik. Ölkədə “Rupor”dan əvvəl güclü saytlar olub və var. Təbii ki, biz onlardan bəhrələnirik. Başqa KİV orqanlarından demək olar fərqimiz yoxdur. Sadəcə çalışırıq daha səliqəli, dəqiq olaq. Bizim mühitdə bəzi hallarda dəqiqliyi operativliyə qurban verirlər. Jurnalist Ekspert Mərkəzi olaraq, həmişə bu tendensiyanın ziyanlı olduğunu demişik. Nə qədər operativ olursan ol, əgər yazdığın dəqiq deyilsə, artıq mənasızdır. “Rupor”un oxucu sayında da artım var. Hələ 10 gündür yaranmışıq, 10 ilin saytları var, biz yeni addımlayırıq.


 


-Saytın fəaliyyəti gözləntilərinizi doğruldurmu?

-Əslində biz oxucudan yox, oxucu bizdən gözləyir. Olmasın “Rupor”. Oxumalı o qədər KİV orqanları var ki. Bizim fərqlərimiz qabarıq deyil, sadəcə bir nüansı qabarıq şəkildə qeyd edirik. “Rupor”un qapıları hər kəsin üzünə açıqdır: bütün QHT-lərin, dövlət orqanlarının, məmurların, iqtidar, müxalifət siyasətçilərinin, jurnalistlərin, ictimaiyyətin müxtəlif təbəqə təmsilçilərinin. Yetər ki, göndərdikləri məlumat, verdikləri xəbər peşə prinsiplərimizə, dövlətçilik ənənələrimizə xələl verməsin. Açıq danışaq, hər kəsin, istədiyi vaxt hansısa KİV orqanında çıxış etmək imkanları azdır. Biz mətbuat adamıyıq, buralıyıq, bir məhəllədə yaşayıb, işləyirik. Hətta mənim yazılarımı, rəhbərlik etdiyim Mərkəzin məlumatlarını dərc etməyən KİV orqanları olub, var. Biz bu dəbin tam əksinə gedəcəyik. “Rupor” adından da göründüyü kimi, ictimaiyyətin səsini gücləndirib, hökumətə, dövlətə, əks tərəfin də səsini gücləndirib ictimaiyyətə çatdıracaq. Jurnalistika körpüdür, biz bu körpünün dayaqlarının daha da möhkəmlənməsinə səy göstərəcəyik.

-İzləyirik, maraqlı rublikalar hazırlayırsınız. Gələcəkdə hansı tip rublikaların hazırlanmasını planlaşdırırsınız?

- Hələ ki, əsas bir rubrikamz var: “İstedadlı uşaqları aşkara çıxarmaq”. Təkamül nəzəriyyəsindən qaçmaq mümkün deyil. Nəzəriyyəyə görə, gələcək mütləq bu günün yeniyetmələri olan sabahın gənclərinindir. Sabah dövlətin idaretmə strukrurlarında, ictimai vəzifələrdə, vətəndaş cəmiyyətinin formalaşmasında rol ala biləcək insanları indidən seçməliyik. Məmurlarla bağlı baş verən son neqativ hadisələr bir daha göstərdi ki, təsadüfi insanların sükan arxasına keçməsi qəzaların yaranmasına səbəb olur. Gələcəyin söz sahiblərini indidən aşkara çıxarıb, onları düzgün istiqamətləndirsək, vətənə sevgi, dövlətə sədaqət, hakimiyyətə hörmət ruhunda tərbiyə etsək, istedadlarının düzgün idarə olunmasına dəstək versək, sabahın işıqlı olcağına indidən zəmin yaradarıq.

Layihəyə maraq böyükdür. Artıq xeyli sayda valideyn müraciət edib və bir neçə yazı hazırdır. Biz həmin uşaqlardan götürdüyümüz müsahibələri kitab şəklində nəşr etdirməyi də planlaşdırırıq.

Digər rubrikamız isə, əslində rubrika da deməzdim, yanaşmamız dəyərli həmkarlarımızla bağlıdır. Biz bütün həmkarlarımızın doğum gününü sayt vasitəsilə təbrik edir, onların bioqrafik təqdimatını verir və bir neçə cümləlik isti sözlər yazırıq. Mən jurnalistləri lap çox istəyirəm, onlar üçün çalışmaq, onların könlünü xoş etmək, rifahlarının yaxşılaşmasına çalışmaq amalımdır.

Jurnalistika çox çətin peşədir, bəlkə də ən çətin peşədir. Jurnalistlərimizi göz bəbəyimiz kimi qorumalıyıq. Heç kimə ehtiyac yoxdur, özümüz-özümüzü qoruyaq kifayətdir.

-Əsasən hansı oxucu kütləsinə uyğun yazılar, xəbərlər hazırlamağı düşünürsünüz?

- Bütün oxucular bizim yaxşı mənada hədəfimizdir. Biz hər kəsin ayağına getməyə hazırıq. Əməkdaşlarımıza tapşırmışam, heç kimə yox deməsinlər. Eybi yox, qoy yazdığı zəif olsun, içərisində xəbər yükü olmasın, bəs biz kimik, düzəldəcəyik, bəzəyəcəyik, elə edəcəyik ki, oxunaqlı yazı olsun.

Mətbuata xüsusi minnətdarlığımı bildirirəm, bizə çox böyük diqqət göstərirlər. Həm onların, həm dövlətimizin, həm də oxucuların rəğbətini qazanmağa çalışacağıq.

Missiya.Az