“İki Sahil TV”də yayımlanan “Bir uşaq, bir dünya” verilişinin növbəti buraxılışı “Uşaqlar oruc tuta bilərmi?” mövzusuna həsr edilib. Verilişin aparıcısı, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva, qonaq qismində isə millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Valeh oğlu Məmmədov iştirak edib.

QHT.az xəbər verir ki, verilişdə çıxış edən Könül Quliyeva Ramazan ayının mənəvi əhəmiyyətindən danışaraq bildirib ki, İslam dinində Ramazan ayı ən şəfqətli aylardan biridir. Onun sözlərinə görə, oruc insan nəfsinin tərbiyə olunmasına, eyib və naqisliklərin islahına, səbr və iradənin möhkəmlənməsinə xidmət edir. Bu dövrdə insanlar dua və ibadətləri vasitəsilə mənəvi saflıqdan kamilliyə doğru yol alırlar.

Mövzu ilə bağlı fikirlərini bölüşən Ceyhun Məmmədov isə qeyd edib ki, ümumiyyətlə, bütün ibadətlər üçün əsas şərtlərdən biri şəxsin həddi-büluğa çatmasıdır. O bildirib ki, həddi-büluğ yaşı ölkədən ölkəyə və fərdi xüsusiyyətlərə görə dəyişə bilər:

“Elə yerlər var ki, 12–13 yaşda, elə yerlər də var ki, 14–15 yaşda uşaqlar həddi-büluğa çatırlar. Bu mənada İslamda kiçik yaşlı uşaqlara oruc tutmaq vacib deyil. Orucun şərtlərindən biri də sağlamlıqla bağlıdır və xəstə insanlara oruc tutmaq vacib sayılmır. Dinimizdə uşaqların ibadətə alışdırılması təşviq edilsə də, “uşaq orucu” anlayışı ayrıca dini hökm kimi mövcud deyil. Uşaqlar istəsələr və buna imkanları çatarsa, günün müəyyən bir hissəsində ac qala bilərlər. Bu, daha çox həmrəylik və mənəvi bağlılıq xarakteri daşıyır”.

Ceyhun Məmmədov əlavə edib ki, uşaqlar oruc tutmağa mükəlləf deyillər və valideynlər övladlarını milli-mənəvi dəyərlərə bağlı şəkildə böyütməlidirlər. Bununla yanaşı, əgər uşağın oruc tutması onun sağlamlığına xələl gətirərsə, bu halda oruc tutması məqsədəuyğun hesab edilmir.

Verilişdə Ramazan ayının uşaqların mənəvi tərbiyəsində rolu və valideynlərin bu istiqamətdə məsuliyyəti də geniş şəkildə müzakirə olunub.

 

Pərvanə Fərhadqızı