Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi, “WorldSkills Azerbaijan” İctimai Birliyi və CASA Kulinariya Mərkəzinin dəstəyi ilə 17-19 iyul 2024 tarixlərində “Silk Way Flavor Fest: Baku Edition” adlı beynəlxalq aşpazlıq yarışı 20 iyul tarixində qaliblərin təltif edilməsi ilə başa çatıb.
QHT.az xəbər verir ki, yarışda birinci yeri ölkəmizin təmsilçisi Kamal Ağayev, ikinci yeri Qazaxıstandan olan Aleksandra Kolpakova və Özbəkistan nümayəndəsi Nazənin İsrailova, üçüncü yeri isə Azərbaycan təmsilçisi Rüfət Zeynalov və Özbəkistandan olan iştirakçı Müştəriy Həsənova tutub.
Qeyd edək ki, ümumilikdə 16-20 iyul 2024 tarixlərini əhatə edən bu yarışın əsas məqsədi cari ilin 10-15 sentyabr tarixlərində keçiriləcək 47-ci beynəlxalq “WorldSkills” yarışlarına milli komandamızın hazırlığını gücləndirmək, ölkəmizdə peşə təhsilinə marağın artırılmasına və təşviqinə töhfə vermək və bu sahədə beynəlxalq təcrübə mübadiləsinə şərait yaratmaqdır.












