Almaniyanın kimya şirkəti BASF “Apple” şirkətini bir sıra “iPhone” və “iPad” modellərində üz tanıma texnologiyası ilə bağlı patent hüquqlarını pozmaqda ittiham edərək ABŞ məhkəməsinə müraciət edib. Şirkət məhkəmədən dəymiş zərərin ödənilməsini və patent pozuntularının dayandırılmasını tələb edir.
QHT.az xarici mediaya istinadən bildirir ki, BASF-in “trinamiX” bölməsi tərəfindən ABŞ-ın Texas ştatının Midland şəhərində yerləşən federal məhkəməyə təqdim edilən iddiada “Apple”ın istifadə etdiyi “Face ID” texnologiyasının şirkətə məxsus yeddi patenti pozduğu qeyd olunub. İddiada bildirilir ki, “Apple” 2017-ci ildə “iPhone X” modelini təqdim edərkən üz tanıma sistemində BASF-in patentləşdirdiyi texnologiyadan istifadə etməyib.
Şirkətin məlumatına görə, sonrakı illərdə “Apple” bəzi “iPhone 15”, “iPhone 16”, “iPhone 17”, “iPad Pro” və digər cihazlarında insan üzünün və dərisinin xüsusiyyətlərini müəyyənləşdirən texnologiyadan istifadə etməyə başlayıb. BASF hesab edir ki, bu texnologiya onun patentləri ilə qorunan həllərə əsaslanır.
BASF-in “trinamiX” bölməsi iddiasında üz tanıma sistemlərində təhlükəsizlik probleminin aradan qaldırılması üçün təxminən 10 il ərzində araşdırmalar apardığını bildirib. Şirkətin sözlərinə görə, ənənəvi üz tanıma sistemləri fotoşəkillər, 3D printerlə hazırlanmış maskalar və silikon üz modelləri vasitəsilə aldadıla bilər. “trinamiX”in hazırladığı texnologiyanın isə belə saxtalaşdırma cəhdlərinin qarşısını almağa və istifadəçinin həqiqi insan olub-olmadığını daha dəqiq müəyyənləşdirməyə xidmət etdiyi bildirilir.
İddiada həmçinin qeyd olunur ki, “Apple”ın BASF-in patentləri barədə məlumatı olub və ya onların pozulması ehtimalından xəbərdar olmalı idi. BASF bunun şirkətə ciddi maliyyə zərəri vurduğunu və gələcəkdə də zərərin davam edə biləcəyini bildirib.
Məhkəmədən konkret məbləğ tələb etməyən BASF dəymiş zərərin ödənilməsini və “Apple”ın sözügedən patentlərdən istifadəsinin dayandırılmasını istəyir. “Apple” isə məsələ ilə bağlı açıqlama verməyib.
BASF-in məlumatına görə, “trinamiX”in yaradılmasının əsası 2010-cu ildə şirkətin alimlərinin üzvi günəş elementləri üzərində apardığı araşdırmalar zamanı əldə edilən gözlənilməz nəticələrə gedib çıxır. Bu araşdırmalar sonradan üçölçülü kamera prototiplərinin hazırlanmasına imkan yaradıb.
BASF 2014-cü ildə “trinamiX”i ayrıca fəaliyyət göstərən şirkət kimi yaradıb. Hazırda şirkət 3D görüntüləmə və müxtəlif materialların müəyyənləşdirilməsi texnologiyaları üzərində çalışır və dünya üzrə 800-dən çox təsdiqlənmiş və ya patentləşdirmə mərhələsində olan patentə sahib olduğunu bildirir.
“Apple” isə böyük satış həcminə malik şirkətlərdən biridir. Şirkətin 27 iyun tarixində başa çatan doqquz aylıq dövr ərzində “iPhone” satışlarından 196,5 milyard dollar, “iPad” satışlarından isə 21,7 milyard dollar gəlir əldə etdiyi bildirilib.












