Bağırsaq polipləri bağırsağın içərisində əmələ gələn kiçik qabarıqlardır. Adətən şikayətlərə səbəb olmayan bu poliplər zamanla böyüyə, bəzilərində isə xərçəng yarana bilər. Elmi araşdırmalar göstərdi ki, xərçəngin 90 %-dən çoxu polipdən xərçəngə çevrilir. Ona görə də erkən diaqnoz böyük əhəmiyyət kəsb edir. Poliplər erkən aşkarlandıqda və aradan qaldırıldıqda, xərçəngin inkişafı üçün profilaktik müalicə əldə edilir.
Dr. Aqil Ağakişiyev QHT.az- a polipi yaradan səbəblərdən danışıb: “Genetik faktor, artıq çəki, qırmızı ətin sıx istehlakı, oturaq həyat tərzi, yağlarla zəngin qida qəbulu, siqaret çəkmək vərdişi, alkoqolun tez-tez və müntəzəm qəbulu polipi yaradır. Poliplərin əksəriyyəti xoşxassəli olsa da, gec təşhiz qoyulmuş bağırsaq poliplərindən bəziləri müalicə edilmədiyi təqdirdə xərçəngə səbəb olur, nəzarətsiz şəkildə bölünməyə başlayan hüceyrələr daha böyük poliplərin meydana gəlməsinə gətirib çıxarır. Buna görə də vaxtında tədbirlər görmək mütəxəssis həkim müayinəsindən keçmək mütləqdir”.
Dietoloq Dr. Fuad Məcidov QHT.az- a bildirib ki, arıqlamaq, sağlam olmaq, forumda qalmaq, gənc olmaq, saçlarınız və dəriniz gözəlliyi üçün bağırsaqlarınızın fəaliyyəti çox vacibdir: “Onun dili olsaydı deyərdi axşam 8-dən sonra yemək yemə, bol su iç, hər dəfə eyni saatlarda qidalan, rejimini bəlli et. Yemək arası fasilələr minimum 5 saat olmalıdır. Yemək ağız boşluğuna daxil olanda onu uzun müddət çeynəyin. Birdən- birə udmayın”.
Pərvanə Fərhadqızı












