1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə törətdiyi Xocalı Soyqırımı zamanı Xocalının müdafiəsi üçün döyüşə atılan Ələsgər Novruzovun dəstəsi misilsiz qəhrəmanlıqlar göstərib. Ə. Novruzov sərrast atıcı olduğundan 20-yə qədər erməni quldurunu məhv edib. Səhər saat 5-ə qədər düşmənlə mübarizə aparan Ələsgər Novruzov son gülləsinə qədər döyüşərək qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, Ələsgər Novruzov 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olub. 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1973-cü ildə oranı bədən tərbiyəsi müəllimi ixtisası üzrə bitirib. 1979-cu ildə Xocalıya gələrək 1 saylı məktəbdə ixtisası üzrə müəllimlik fəaliyyətinə başlayıb. 1990-cı ildən şəhid olana qədər isə Xocalı RTŞ-nin təsərrüfat bürosunun müdiri işləyib.

Ələsgər Novruzov məsuliyyətli bir işçi olmaqla bərabər Qarabağ döyüşlərində özünü qorxmaz döyüşçü, mahir atıcı, gözəl idmançı, qayğıkeş komandir və dostluqda əvəzedilməz bir insan kimi tanıdıb. O, Qarabağ müharibəsinin başlandığı ilk günlərdən tam gizli şəkildə yaradılmış Xocalının müdafiə komitəsinin ilk 5 nəfər üzvündən biri olub. 1988-ci ilin fevralından etibarən müdafiə üçün gizli silahlı dəstələrin yaradılmasında və onların silahlandırılmasında böyük rol oynayıb. 1988-ci il sentyabrın 18-də Xankəndidən minlərlə erməni qulduru Xocalıya hücum edərkən onlara qarşı silahlı müqavimət göstərən 30–40 nəfər igid Xocalı oğlanlarından biri də Ə. Novruzov olub. Mahir atıcılıq məharətini burada ilk dəfə nümayiş etdirib, onlarla ermənini məhv edib və erməni quldurlarının geri oturdulmasında yaxından iştirak edib. Getdikcə vəziyyət gərginləşdiyindən yaradılmış gizli silahlı dəstələrdən birinə Ələsgər Novruzov rəhbərlik etməyə başlayıb. Xocalının ilk özünümüdafiə dəstələrinin, sonralar isə batalyonun döyüşçülərinə təlim keçən Ələsgər Novruzov erməni quldur dəstələrinin məhv edilməsi üçün əməliyyat planlarının hazırlanması və həyata keçirilməsində daima fəal iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə Novruzov Ələsgər Xanlar oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!