Azərbaycan Respublikası Mediasiya Şurası və Latviya Sertifikatlaşdırılmış Mediatorlar Şurası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

QHT.az xəbər verir ki, 23 avqust 2024-cü il tarixində Bakı şəhərində Latviya Respublikasının Sertifikatlaşdırılmış Mediatorlar Şurası və Azərbaycan Respublikasının Mediasiya Şurası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandumu Latviya Sertifikatlaşdırılmış Mediatorlar Şurasının İdarə Heyətinin sədri Faila Abbasova və Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov imzalayıb. Memorandumda hər iki ölkənin Mediasiya Şuraları arasında əməkdaşlığın qurulması, qarşılıqlı təcrübə mübadilələrinin aparılması və öyrənilməsi, beynəlxalq platformalarda həyata keçirilən proseslərdə iştirak, eyni zamanda mediasiya işləri sahəsində hər iki ölkə arasında olan mediasiya proseslərinin aparılmasına dəstək, nəzəri və praktik biliklərin artırılması sahəsində birgə seminarların, təlimlərin təşkili, mediatorların beynəlxalq akkreditasiya fəaliyyətinə birgə dəstəyin göstərilməsi qeyd edilir.

İmzalanmış sənəd əsasında eyni zamanda Latviya mediatorlarının Azərbaycana, Azərbaycan mediatorlarının isə Latviyaya qarşılıqlı təcrübə mübadilə səfər proqramlarının da həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, Latviya Sertifikatlaşdırılmış Mediatorlar Şurasının İdarə Heyətinin sədri əslən Azərbaycandan olan Faila Abbasova uşaqlıq və yeniyetməlik dövründə Bakı şəhərində yaşayıb, boya-başa çatıb. O, Latviyada peşəkar vəkil kimi fəaliyyət göstərməklə yanaşı, Latviya Sertifikatlaşdırılmış Mediatorlar Şurasına yaxın zamanlarda sədr seçilib. Faila Abbasova Bakıda olduğu müddətdə mediatorlarla və mediasiya təşkilatları ilə də görüşləri nəzərdə tutulub.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov imzalanmış sənədin Azərbaycan mediasiya təcrübəsinin və uğurlarının yayılmasında böyük rol oynayacağını qeyd edib.

Latviya Sertifikatlaşdırılmış Mediatorlar Şurasının İdarə Heyətinin sədri Faila Abbasova qeyd edib ki, Azərbaycan Respublikasının Mediasiya Şurası hətta Avropa ölkələrinə örnək ola biləcək çox qısa və uğurlu bir yol keçib. Azərbaycan mediasiyasının təcrübəsinə nəzər yetirdikdə bu uğurlarla qürur duymaq olar. İstər yerli səviyyədə aparılan mediasiya işlərində, istərsə də Mediasiya Şurasının beynəlxalq əlaqələri Azərbaycanda aparılan mediasiya proseslərinə kifayət qədər beynəlxalq ictimai diqqət cəlb edib.