Biz bu gün Azərbaycan Həqiqətləri Uğurunda Koalisiyanın bir qrup üzvü Azərbaycan Milli İncəsənət Muzeyində "Mədəni yaddaşımızda Qərbi Azəraycan" adlı sərgidə iştirak edib.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Qərbi Azərbaycan İcmasının təşkil etdiyi sərgi 28 fevral 2024-cü il tarixinə kimi keçiriləcəkdir. Sərgidə İrəvan xanlığının bayraqları, İrəvan xanlarının yağlı boya ilə çəkilmiş rəsmləri, İrəvan xanlarına məxsus xalçalar, qədim geyimlər, fotoalbomlar, maraqlı rəsm əsərləri və s. təqdim olunur. Ən maraqlısı isə gənclərimizin sərgiyə baxmağa gəlməsidir. Mədəni irsimiz haqqında maraqlı məlumatlarla tanış olunur.
Qeyd edək ki, sərgidə İrəvan zadəganı Əli xan Makinskiya məxsus dəst xalı-gəbə "Balıq" kompozisiyası olan Qarabağ xalçası, dekorativ tətbiqi sənətin müxtəlif növlərinə aid eksponatlar, foto və tarixi sənədlər, numizmatika nümunələri və s. nümayiş etdirilir. Burada Səfəvilər dövründə İrəvanda zərb olunan qızıl, gümüş, mis sikkələr, həmçinin dövlətçilik atributlarından olan İrəvan xanlığına aid bayraqların surətləri, vaxtilə İrəvanın məşhur nəsillərindən olan ziyalıların evlərini bəzəmiş sənət nümunələri də yer alır. Əslən Qərbi Azərbaycandan olan Xalq rəssamı Hüseyn Əliyevin qrafika əsərləri və görkəmli xalçaçı-rəssam Kamil Əliyevin müəllifi olduğu xalçalar sərgidə nümayiş etdirilən eksponatlar sırasına daxildir.
Pərvanə Fərhadqızı












