11-13 sentyabr 2024-cü il tarixində Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının təşkilatçılığı ilə keçirilən ANA & BALA 6 Sağlamlıq Yay Düşərgəsi müvəffəqiyyətlə tamamlandı. Tədbirdə Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov iştirakçıları salamlayaraq düşərgənin əhəmiyyətini vurğuladı.
QHT.az xəbər verir ki, Ayaz Hüseynov bildirib ki, düşərgə qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqlar və onların valideynləri üçün xüsusi təlimlər və individual müayinələr təqdim edib. Təlimlərdə stomatoloq Dr. Aybəniz Şahmuradova ağız boşluğunun qorunması mövzusunda məlumat verib və iştirakçılarla birbaşa müayinə aparıb. Sədr Ayaz Hüseynov isə Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının çap etdiyi ağız boşluğunun qorunmasına dair kitabçaları iştirakçılara təqdim edib. Düşərgənin digər hissəsində qanın laxtalanma pozğunluğunun yaratdığı oynaq daxili fəsadların aradan qaldırılması mövzusunda Tibbi Reabilitasiya Mərkəzinin direktoru Dr. Rüfət Cabbarlı və baş həkim Dr. Gülay Qurbanzadə tərəfindən fizioderapiya ilə bağlı təlimlər keçirilib və müayinələr təşkil edilib.
Bakı Sağlamlıq Mərkəzinin baş tibb bacısı Aygün Şahbazovanın rəhbərliyi ilə ilkin tibbi yardım və damar daxili inyeksiya bacarıqları mövzusunda nəzəri və praktik təlimlər həyata keçirilib. Valideynlər xüsusi mulyajlar üzərində damardaxili inyeksiya təlimləri alıb və sual-cavab sessiyası ilə təlim yekunlaşıb. Düşərgədə ümumilikdə 70 nəfər iştirak edib. Təşkilatçılar iştirakçılara maraqlı asudə vaxt fəaliyyətləri təqdim edərək fiziki idmana xüsusi yer ayırıblar.
Sədr Ayaz Hüseynov, "Məqsədimiz, biliklərimizi paylaşaraq uşaqların sağlam böyüməsini təmin etməkdir" deyərək, düşərgənin məqsədinə çatdığını və gələcəkdə belə təşəbbüslərin davam edəcəyini qeyd edib.










