Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin son görüşündə “İğdır-Naxçıvan-Qars” dəmiryolu xəttinin çəkilməsinin yaxın zamanda başa çatacağını bəyan edilib.
Bəs Qars-İğdır-Naxçıvan dəmiryolu xəttinin istifadəyə verilməsi layihəsinin uzunmüddətli iqtisadi təsirləri necə olacaq?
İqtisadçı-ekspert Aslan Əzimzadə QHT.az-a verdiyi açıqlamada bildirdi ki, bu gün dünya ölkələri arasında regionallaşma faktoru ön plandadır. Bu tendensiya nəticəsində ənənəvi logistika dəhlizləri ilə yanaşı, yeni və alternativ nəqliyyat dəhlizləri də formalaşmaqdadır. Bu nəqliyyat dəhlizləri həm beynəlxalq, həm transərhəd, həm də iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Ən aktual nümunələrdən biri isə son zamanlar “İğdır-Naxçıvan-Qars” dəmir yoludur.
Əzimzadə vurğuladı ki, dəmir yollarının inkişafı məhsul, əmtəə və xidmətlərin tranziti, eləcə də sərnişin daşımaları üçün böyük əhəmiyyət kəsb edir. Xüsusilə turizm sektorunda gəlirlərin artırılması məqsədilə belə dəmir yolu xətlərinin yaranmasına ciddi ehtiyac var. Bununla yanaşı, Naxçıvanın iqtisadi dayanıqlığının artırılması, Naxçıvan məhsullarının Türkiyə bazarına və Türk məhsullarının Naxçıvan bazarına ixracının operativliyinin təmin edilməsi üçün bu cür mütərəqqi dəmir yolları öz aktuallığını qoruyur.
Ekspertin fikrincə, “İğdır-Naxçıvan-Qars” dəmir yolu xətti bölgənin iqtisadi inkişafına mühüm töhfələr verəcək və regionun ticarət və logistika potensialını daha da artıracaqdır.
Pərvanə Fərhadqızı
QHT.az










