Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə çatdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.\
Bu fikri “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri, alim və həkim Akif Kərimov Xocalı soyqırımının ildönümü ərəfəsində QHT.az-a açıqlama verərək bildirib. O qeyd edib ki, ötən illər ərzində rəhbərlik etdiyi təşkilat tərəfindən Avropanın müxtəlif şəhərlərində Xocalı soyqırımı ilə bağlı aksiyalar, yürüşlər və məlumatlandırma tədbirləri təşkil olunub:
“Biz Köln, Stokholm, Belçika, Hollandiya, Rumıniya, Türkiyə və xüsusilə Strasburqda genişmiqyaslı aksiyalar keçirmişik. Strasburqda təşkil etdiyimiz mitinq xüsusilə yaddaqalan oldu. Müxtəlif təxribat cəhdlərinə baxmayaraq, aksiyanı sona qədər davam etdirdik və Azərbaycan bayrağı altında Xocalı həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırdıq. Həmin tədbirlərdə müxtəlif siyasi və ictimai təşkilatların nümayəndələri də iştirak edib, beynəlxalq həmrəylik nümayiş etdirilib. O zaman Millətçi Hərəkat Partiyasının üzvləri və 40-a yaxın təşkilat aksiyamıza dəstək vermişdi. Tədbirlərdə tanınmış incəsənət xadimləri və millət vəkilləri də iştirak edirdi. Bu, Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə səsləndirilməsi baxımından mühüm addım idi.”
QHT sədri vurğulayıb ki, Avropada və digər ölkələrdə Azərbaycan həqiqətlərinin sistemli şəkildə təbliği bu gün də aktuallığını qoruyur:
“Xocalı soyqırımı təkcə tarix deyil, bu, ədalət çağırışıdır. Biz gələcəkdə də beynəlxalq platformalarda informasiya mübarizəsini davam etdirməliyik. Diaspor təşkilatları və QHT-lər bu istiqamətdə daha koordinasiyalı fəaliyyət göstərməlidir.”
Akif Kərimov bildirib ki, rəhbərlik etdiyi təşkilat qarşıdakı dövrdə də Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində yeni təşəbbüslərlə çıxış etməyi planlaşdırır.
Pərvanə Fərhadqızı






