“12- -13 aprel tarixlərində Bakı şəhərində Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə mötəbər beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulub. Hesab edirəm ki, Azərbaycanda yaşıl texnologiyalar ətraf mühitin qorunması ilə bağlı böyük mötəbər elmi tədbirdir. Nəzərə almaq lazımdır ki, tədbirə 200-ə yaxın elmi əsər, elmi material təqdim olunub. Dünyanın müxtəlif aparıcı beyin mərkəzlərini təmsil edən tədqiqatçıların materialları müzakirəyə çıxarılacaq”.

Bu sözləri Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, professor Elşad Məmmədov QHT.az- a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu il ölkə prezidenti tərəfindən Azərbaycanda Yaşıl texnologiyaların, ətraf mühitin qorunmasının prioritet kimi qəbul olunması ilə bağlı müvafiq prezident sərəncamı var və bu sərəncamdan irəli gələrək Odlar Yurdu Universiteti rəhbərliyi tərəfindən bu cür mötəbər elmi tədbirin keçirilməsi qərarı verilmişdir: “Nəzərə almaq lazımdır ki, 30-a yaxın ölkənin nümayəndələri, mütəxəssisləri, ekspertləri, alimləri, aparıcı beyin mərkəzlərini təmsil edən nümayəndələr tədbirdə iştirak etmək üçün tədbirin təşkilat komitəsinə müraciət edib və bu tip tədbirlərin Azərbaycanda keçirilməsi şübhəsiz ki, ətraf mühitlə bağlı, yaşıl texnologiyalarla bağlı olan məsələlərə adekvat, elmi cəhətdən əsaslandırılmış münasibətin formalaşdırılması üçün olduqca vacibdir. Tədbirin mövzusu ağıllı ətraf mühit və yaşıl texnologiyalardır və tədbirin mövzusunun elə bu istiqamətdə formalaşdırılması bir daha onu deməyə əsas verir ki, tədbirdə yaşıl texnologiyalara, ətraf mühitin qorunmasına dair əsaslandırılmış, elmi cəhətdən tutarlı yanaşmalar formalaşdırılacaq”.

Qeyd edək ki, Azərbaycanda COP 29 tədbiri keçiriləcək və konfransın da həmin ilə təsadüf etməsi olduqca vacibdir.

 

 

Pərvanə Fərhadqızı