“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin həyata keçirdiyi “Qadına qarşı zorakılıq və sosial ədalət” tədqiqat işi və maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə çərçivəsində Ağdaş rayonunda növbəti dəyirmi masanı keçirməklə məlumatlandırıcı tədbirlərin təşkilinə yekun vurub.

İctimai Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Birliyin sədri, layihə rəhbəri Nailə İsmayılova ilk öncə Dəyirmi masa iştirakçılarına layihənin keçirilmə məqsədi, gedişatı və layihə çərçivəsində çəkilmiş maarifləndirici sosial çarx barəsində geniş məlumat verib. Daha sonra sosial çarx iştirakçılara təqdim olunub. Layihə üzrə ekspert Samirə Mustafayeva layihənin icrasıyla bağlı öz rəyini bildirdi. Dəyirmi masada iştirak edən Ağdaş Rayonu müvafiq qurumlar üzrə nümayəndələr, eyni zamanda Ağdaş Mərkəzi Xəstəxanasının həkimi, Ağdaş RPŞ-nin polis əməkdaşı, rayonda fəaliyyət göstərən günərzi qayğı mərkəzinin psixoloqu və digər şəxslər həm layihənin mövzusunun aktuallığı barədə çıxış edərək öz fikirlərini söyləyiblər. Eyni zamanda hazırda Ağdaş rayonunda nəinki qadına qarşı zorakılığın baş verməməsi, ümumiyyətlə, zorakılıq hallarına qarşı mübarizədə ciddi işlərin aparıldığından bəhs ediblər.

Dəyirmi masa zamanı iştirakçılara məlumatlandırıcı kitabçalar və qeydiyyat üçün dəftərxana ləvazimatları paylanılıb. Sonda çay süfrəsi ətrafında kameradan kənar iştirakçılarla müzakirələr aparılıb və bəzi iştirakçılar layihə icraçılarından müəyyən məsləhət və tövsiyyələr alıblar. Layihə çərçivəsində Saatlı, Sabirabad və Ağdaş rayonlarında yüksək səviyyədə keçirilən dəyirmi masaların təşkilinə yekun vurulub. Hər rayondan 20 nəfər olmaqla 60 nəfərin iştirakı nəzərdə tutulan dəyirmi masalarda 65 nəfər iştirak edib.

Ümid edirik ki, layihə çərçivəsində aparılan maarifləndirmə işləri həm dövlətimizin qanunlarımızla tənzimlənən bu istiqamətdəki işlərinə qismən də olsa töhvə vermiş olacaq, həm də insanlarımız maariflənərək öz hüquqlarını müdafiə etmək üçün bilgilərini artırmış olacaqlar.

 

  

Pərvanə Fərhadqızı