ABŞ-la süni intellekt sahəsində liderlik uğrunda rəqabət aparan Çinin fond bazarında trilyonlarla dollar dəyər itirilib. Aşağı gəlirlilik, zəif daxili tələb və Qərb ölkələrinin texnologiya sahəsində məhdudiyyətləri Pekinin süni intellekt strategiyasının davamlılığı ilə bağlı narahatlıqları artırır.

QHT.az xarici mediaya istinadən bildirir ki, Şanxay birjasında texnologiya və innovasiya şirkətlərini izləyən STAR 50 indeksi iyun ayından bəri 40 faiz azalıb. Digər əsas şirkət indeksləri isə eyni dövrdə təxminən 20 faiz geriləyib. “Bloomberg”in məlumatına görə, may ayından bəri Çin fond bazarından 2,4 trilyon dollar silinib.

“Goldman Sachs”ın qiymətləndirməsinə əsasən, süni intellekt səhmləri Çin və Honkonq fond bazarlarının ümumi dəyərinin 40 faizindən çoxunu təşkil edir. Buna görə də bu sahədəki eniş bütün bazara ciddi təsir göstərir.

Çin hökuməti texnologiya sektorunu dəstəkləsə də, istehlakçıların xərcləməkdən çəkinməsi şirkətlərin gəlir əldə etməsini çətinləşdirir. ABŞ-ın faiz siyasəti və Çin texnologiyalarına qarşı mümkün yeni məhdudiyyətlər də investorların narahatlığını artırır.

“Eurasia Group”un Çin üzrə direktoru Den Vanq bildirib ki, şirkətlərin mənfəət marjaları gözlənilən səviyyədə deyil, daxili tələb isə zəif olaraq qalır. Onun sözlərinə görə, dövlət dəstəyinə əsaslanan modelin bu şəraitdə nə dərəcədə uğurlu olacağı sual altındadır.

Robot texnologiyalarında da oxşar problemlər müşahidə olunur. İnsanoid robotlar və robot itlər maraq doğursa da, yüksək qiymətləri və praktik istifadə imkanlarının məhdudluğu onların kütləvi bazara çıxmasını çətinləşdirir. Çinin aparıcı robot istehsalçılarından Unitree şirkətinin səhmləri avqustda ticarətə başladıqdan sonra təxminən 50 faiz ucuzlaşıb.

Çin hökuməti yerli investorları ölkə daxilində investisiya qoymağa təşviq edir və xarici investisiyalara məhdudiyyətləri artırır. Lakin bu tədbirlər hələlik bazara əlavə investisiya axınını təmin etməyib.

Bununla belə, süni intellekt tədqiqatları və peyk texnologiyaları kimi sahələrdə nikbinlik qalır. Xüsusilə peyklərin hərbi əhəmiyyəti dövlət dəstəyinin uzunmüddətli davam edə biləcəyinə işarə edir.

Ekspertlərə görə, Çin iqtisadiyyatını canlandırmaq üçün əlavə stimullar tətbiq edə bilər, lakin riskli qərarların nəticələri ilə bağlı narahatlıqlar bu addımları çətinləşdirir.

Zəhra Mansırova