2019-cu il 1 noyabrdan etibarən Azərbaycanda 862 uşağın övladlığa verilməsi valideyn himayəsindən məhrum olan uşaqların ailə mühitinə inteqrasiyası istiqamətində atılan addımların genişləndiyini göstərir.
Fatimə Hacıbəyli “Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyi”nin rəhbəri olaraq QHT.az-a açıqlamasında bildirib ki, bu göstərici cəmiyyətdə övladlığa götürmə mədəniyyətinin inkişaf etdiyini və insanların bu məsuliyyətli addıma daha açıq yanaşdığını göstərir. Onun sözlərinə görə, əsas hədəf hər bir uşağın sevgi və təhlükəsizlik içində böyüyə biləcəyi ailəyə qovuşmasını təmin etməkdir.
Onun sözlərinə görə, övladlığa götürülən uşaqlar üçün ailə mühiti onların psixoloji inkişafı, sosial bacarıqları və gələcək həyat keyfiyyəti baxımından mühüm rol oynayır. Ailə sevgisi və qayğısı ilə böyüyən uşaqların cəmiyyətə daha sağlam və faydalı fərd kimi formalaşmaq ehtimalı daha yüksək olur. Bu isə uzunmüddətli perspektivdə cəmiyyətin sosial rifahına müsbət təsir göstərir.
"Digər tərəfdən, bu göstərici cəmiyyətdə övladlığa götürmə mədəniyyətinin formalaşdığını və insanların bu məsuliyyətli addıma daha açıq yanaşdığını da göstərir. Lakin əsas məsələ yalnız sayın artması deyil, həm də bu prosesin şəffaf, düzgün və uşağın mənafeyinə uyğun şəkildə həyata keçirilməsidir. Uşaqların yeni ailələrdə uyğunlaşma prosesi, onların psixoloji dəstəklə təmin olunması da vacib amillərdəndir.
Ümumilikdə, bu rəqəm müsbət tendensiyanın göstəricisi kimi qiymətləndirilə bilər. Əsas məqsəd isə hər bir uşağın sevgi, qayğı və təhlükəsizlik içində böyüyə biləcəyi bir ailəyə qovuşmasını təmin etməkdir".- deyə açıqlamasında qeyd edib.
Zəhra Ağayeva






