1993-cü ilin bu günü Qubadlı rayonu erməni hərbi birləşmələri tərəfindən işğal olunub.
QHT.az xəbər verir ki, sahəsi 80250 hektar olan və Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb. İşğal ərəfəsində Qubadlı rayonunun əhalisi 29903 nəfər olub. Hazırda rayonun əhalisinin sayı 38 minə yaxındır. Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə ziyan vurub. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb. Erməni silahlı birləşmələrinin əlindən qurtulmuş insanlar hazırda ölkənin 47 rayon və şəhərində məskunlaşıblar. Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Qeyd edək ki, Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib!
Pərvanə Fərhadqızı










