20 Yanvar 1990-cı il Azərbaycan xalqının yaddaşına qanla yazılmış qəhrəmanlıq tarixi kimi həkk olundu. Dinc əhaliyə qarşı törədilən bu vəhşilik xalqımızın iradəsini qıra bilmədi. Əksinə, həmin gecə axıdılan qan müstəqillik yolumuzun təməlini qoydu.

Bu sözləri "Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyi" nin rəhbəri Fatimə Hacıbəyli QHT.az –a açıqlamasında qeyd edib. Onun sözlərinə görə, bu gün 20 Yanvarı artıq qalib xalq kimi anırıq. O gecə şəhid olanların qanı yerdə qalmadı. Azərbaycan Ordusu Qarabağda tarixi ədaləti bərpa etdi, torpaqlarımız işğaldan azad olundu. 20 Yanvar şəhidlərinin başlatdığı azadlıq yolu Qarabağ zəfəri ilə tamamlandı:

"Bu gün biz deyə bilirik ki, şəhidlərimizin ruhu rahatdır. Çünki Azərbaycan artıq qalib dövlətdir, qalib ordunun, qalib xalqın və qalib dövlətin adını daşıyır. Vəfa Sosial Problemlərinin Həllinə Dəstək İB olaraq bu müqəddəs gündə 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir, onların fədakarlığının bu günkü zəfərimizin əsasını təşkil etdiyini bir daha vurğulayırıq. Şəhidlərimizin qanı yerdə qalmadı – Azərbaycan qalib gəldi.

Ruhları şad olsun! Azərbaycan əbədidir, Zəfərimiz daimidir!"