Mediasiya sahəsində 2 yeni kitabın təqdimat mərasimi keçirilib
bp Azərbaycanın layihəsi çərçivəsində nəşr edilən mediasiya sahəsində 2 yeni kitabın təqdimat mərasimi keçirilib
QHT.az xəbər verir ki, bu gün bp Azərbaycanda hüquq təhsili sahəsində keyfiyyətin artırılması istiqamətində yeni bir layihəni təqdim edib. Layihə yerli universitetlərdə hüquqşünaslıq üzrə tədrisin təkmilləşdirilməsi məqsədilə altı mühüm dərsliyin hazırlanması və nəşrindən ibarətdir. Layihənin məqsədi təhsildə mükəmməlliyin təmin olunmasına dəstək vermək, hüquqi savadlılığı təşviq etmək və ölkədə yeni nəsil hüquq mütəxəssislərinin yetişməsinə töhfə verməkdən ibarətdir.
Təqdimat tədbirində çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Hüquq təhsili sahəsində resursların yaradılmasına sərmayə qoymaqda məqsədimiz yerli hüquq mütəxəssislərinə yüksək keyfiyyətli tədris materialları hazırlamaqda dəstək verməkdir. Bu isə nəticə etibarilə ölkədə hüquq təhsilinin müasirləşməsinə və yüksəksəviyyəli, hüquqları dərindən bilən yeni hüquqşünaslar nəslinin formalaşmasına töhfə verəcək.”
Layihəyə həmçinin mediasiya sahəsində 2 yeni kitab daxildir:
1. “Azərbaycan Respublikasının Mediasiya Hüququ. Ümumi Müddəalar” – Azərbaycanda bu sahədə ilk olan bu dərslik mediasiyanın hüquqi çərçivəsini təqdim edir, onun prinsipləri, quruluşu və normativ aspektləri barədə ətraflı məlumat verir. Dərsliyin məqsədi hüquq təhsilində mövcud boşluqları doldurmaq və Azərbaycanda mediasiya mədəniyyətinin inkişafına dəstək olmaqdır.
2. “Mediasiya Hüququ. Xüsusi hissə” – Azərbaycanda bu sahədə ilk olan bu nəşr mediasiya hüququnun elmi və doktrinal əsaslarına həsr olunub. Dərslik mediasiyanı hüquqi bir sahə kimi hərtərəfli təhlil edir və bu institutun həm akademik, həm də praktiki baxımdan daha yaxşı anlaşılmasına töhfə verir.
Altı tədris vəsaitinin hamısı tələbələr, müəllimlər, elmi ictimaiyyətin nümayəndələri, hüquqşünaslar, insan hüquqları müdafiəçiləri, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, magistr və doktorantlar, hüquq alimləri və təcrübəçiləri, eləcə də mediatorlar və siyasətçilər daxil olmaqla geniş auditoriya üçün nəzərdə tutulub.