Xəbərlər 11.06.2025 20:59 212

“Vida nəğməsi” – Masallıda kitab təqdimatı

“Vida nəğməsi” – Masallıda kitab təqdimatı

 

Masallıda yazıçı-publisist Nazim Qəribin “Vida nəğməsi” adlı kitabının təqdimat mərasimi keçirilib.
İyunun 11-də, rayon mərkəzi kitabxanasında təşkil olunan tədbirdə yaradıcı insanlar, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan rayon mərkəzi kitabxana sisteminin direktor əvəzi Zamin Məmmədov kitabın oxucuların rəğbətini qazanacağına əminliyini və bu kimi tədbirlərin ədəbiyyatsevərlər üçün faydalı olduğunu bildirib.
Kitabın müzakirəsi zamanı yazıçı və şairlərdən Aliq Nağıoğlu, Ələşrəf Niftiyev, Xanəli Toliş, Allahverdi Bayrami, Əlisa Qədiyev, Akif Ağayev, Sülhiyyə Tağızadə, Camal Lələzoə, Əlizaman Baxış, Tahir Heydərli, Qədiməli Eloğlu, Maarif Salayev, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva Nazim Qəribin yaradıcılığından, təqdim olunan kitabda yer alan hekayə, esse, şeir və publisistik yazıların bədii məziyyətlərindən danışıb, nəsr sahəsində uğurlu addımlarını atmaqda olan yazarın özünəməxsus yazı üslübunu yüksək dəyərləndiriblər.
Nazim Qəribin dostları və oxucularından Cavanşir Əliyev, Vahid Mirzəyev, Abdin Musayev, Yaşar Nəzərov, Soltanağa Cəfərov, Dadaşbala Duniyev, Şahlar Əliyev yazarı yeni nəşri münasibətilə təbrik edib, ona gələcək yaradıcılığında uğurlar arzulayıblar.
Nazim Qərib tədbirin təşkilinə və yaradıcılığına göstərilən diqqətə görə minnətdarlıq edib.
Sonda yeni nəşrin nüsxələri müəllifin imzası ilə oxuculara paylanıb.

Əlavə edək ki, Nazim Qərib (Paşayev Nazim Paşa oğlu) 1956-cı ildə Masallı rayonunun Qəriblər kəndində anadan olub. 1953-cü ildə orta məktəbi, 1979-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin) biologiya-coğrafiya fakültəsini bitirib. 1979-2022-ci illərdə doğma kənd məktəbində müəllim işləyib. 
Tələbəlik illərindən yaradıcılığa başlayıb. Müxtəlif vaxtlarda mətbuatda miniatür, esse, elegiya və hekayələri dərc edilib. 
“Həsən bəy Zərdabi”, “Qızıl qələm” media mükafatlarına layiq görülüb. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Üç kitabın (“Sonuncu sərnişin”, “Qəriblərim – qərib elli diyarım”, “Vida nəğməsi”) müəllifidir.  

 

Akif VAQİFOĞLU


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı