“Qərbi Azərbaycanın Qars köçü” adlı layihəyə start verildi
2025-ci il iyunun 1-dən etibarən Bakıda mühüm tarixi və mədəni əhəmiyyətə malik olan “Qərbi Azərbaycanın Qars köçü” adlı layihəyə rəsmi şəkildə start verilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi tərəfindən həyata keçirilir.
QHT.az xəbər verir ki, layihənin əsas məqsədi Qərbi Azərbaycanlıların Qars bölgəsinə köçü ilə bağlı tarixi prosesləri araşdırmaq, bu hadisənin həm fərdi, həm də kollektiv yaddaşda tutduğu yeri işıqlandırmaq və onu gələcək nəsillərə çatdırmaqdır.
Layihə çərçivəsində sənədli filmin çəkilməsi nəzərdə tutulur. Bu film vasitəsilə Qərbi Azərbaycanlıların Qars köçünün tarixdə qoyduğu izlər, mədəni və sosial təsirləri, insan talelərində yaratdığı dəyişikliklər tamaşaçılara təqdim olunacaq. Filmdə əsas diqqət tarixi faktların sənədli üslubda çatdırılmasına, köç zamanı yaşanan dramatik hadisələrin, ailələrin parçalanmasının, yeni mühitə uyğunlaşma prosesinin və milli kimliyin qorunması uğrunda aparılan mübarizənin nümayişinə yönələcək. Film həm yerli, həm də beynəlxalq auditoriyaya təqdim olunacaq ki, bu da onun beynəlxalq səviyyədə maarifləndirici təsirini artıracaq.
Araşdırma yönümlü bu layihə tədqiqatçıları, tarixçiləri, jurnalistləri və canlı şahidləri bir araya gətirərək, mövzuya çoxşaxəli və dərin yanaşma imkanı yaradır. Köç hadisəsini yaşamış və ya bu tarixlə bağlı ailə yaddaşında məlumat daşıyan şəxslərlə müsahibələr aparılır, arxiv materialları, foto və video süjetlər toplanır. Bu materiallar həm filmin məzmununa zənginlik qatacaq, həm də gələcəkdə mövzu üzrə elmi və publisistik tədqiqatlar üçün dəyərli arxiv vəsaiti rolunu oynayacaq.
Layihənin əhəmiyyəti yalnız bir sənədli film çəkilməsi ilə məhdudlaşmır. O, Qərbi Azərbaycan tarixinin unudulmaması, bu yaddaşın gələcək nəsillərə ötürülməsi və tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm bir yaddaş platformasının formalaşmasına xidmət edir. Eyni zamanda layihə, Qərbi Azərbaycandan köçürülmüş insanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinin aparılması üçün də əhəmiyyətli bir zəmin yaradır.
“Qərbi Azərbaycanın Qars köçü” layihəsi, ümumilikdə, Azərbaycan xalqının tarixi yaddaşına və mədəni kimliyinə göstərilən ehtiramın təzahürü kimi dəyərləndirilir. Bu təşəbbüs milli yaddaşın möhkəmləndirilməsi, Qərbi Azərbaycan həqiqətlərinin işıqlandırılması və onların beynəlxalq səviyyədə tanıdılması istiqamətində atılmış əlamətdar addımdır.
“Qərbi Azərbaycanın Qars köçü” adlı layihəsi 2025-ci il sentyabırın 30-dək davam edəcək.